Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirərək bu baxımdan biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Dövlətimizin başçısı fransız şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev investisiya sahəsində də yaxşı əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin ölkəmizə səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer Bakının abadlığının və inkişafının onlarda xoş təəssürat doğurduğunu vurğulayıb. O, Fransa tərəfinin Azərbaycanla siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulanıb, münaqişənin nizama salınması ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Görüşdə neft, qaz, nəqliyyat, infrastruktur, ekologiya və digər sahələrdə əməkdaşlıq və görüləcək işlər müzakirə edilib.
AZƏRTAC