Muxtar respublikamızda səhiyyə sahəsində həyata keçirilən tədbirlər Babək rayonunu da əhatə etmiş, rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilmişdir.
İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək qəsəbəsində rayon Mərkəzi Xəstəxanası üçün tikilən yeni binaya baxmış, verdiyi tapşırıqların icrası ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 2012-ci ildən tikintisinə başlanılan binada hazırda son tamamlama işləri aparılır. 30 çarpayılıq xəstəxana binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada Poliklinika, Ümumi stasionar, Ginekologiya və doğuş, Təcili və təxirəsalınmaz yardım şöbələri, eləcə də Hemodializ bölməsi fəaliyyət göstərəcəkdir. Binanın zirzəmisində müasir laboratoriya, morq və fizioterapiya otaqları, qazanxana, camaşırxana, yeməkxana və qarderob vardır. Xəstəxanada quraşdırılan müasir tibbi avadanlıqlar müayinə və müalicə işlərini yüksək səviyyədə aparmağa imkan verəcəkdir.
Binada tibb işçiləri üçün otaqlar, iclas zalı və kitabxana yaradılmış, iki lift quraşdırılmışdır. Tikinti işləri ilə paralel olaraq, binanın həyətində də abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmış, yaşıllıqlar salınmışdır.
Ali Məclisin Sədri son tamamlama işlərinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin Sədri xəstəxananın yaxınlığındakı Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi binanın da əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Bildirilmişdir ki, binada yenidənqurma işləri yüksək keyfiyyətlə aparılmış, geniş ekspozisiya zalı, fond və 3 iş otağı yaradılmışdır. Burada eksponatların mühafizəsi və nümayişi üçün lazımi şərait yaradılacaqdır.
Binanın həyətindəki abidə də bərpa edilmiş, abadlıq işləri görülmüş, yaşıllıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti