İyulun 26-da Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iftar mərasiminə gəlmişdir.
İftar mərasimində çıxış edən Ali Məclisin Sədri demişdir: “İslam dünyasında Ramazan ayının xüsusi yeri vardır. Bu ayda tamamlanan “Qurani-Kərim” Yer üzündə 1 milyarddan çox insanın iman gətirdiyi böyük qüdrət və ilahi qüvvət mənbəyidir. Müsəlmanlar bu ayda həmrəyliyi möhkəmlədir, mənəvi dünyamızı daha da zənginləşdirirlər. Azərbaycan xalqı da bütün dövrlərdə Ramazan ayının mənəvi üstünlüklərini yaşatmış, həmişə yüksək dəyərlərə sədaqət göstərmişdir. İnsanların mənəvi tərbiyəsi sahəsində Ramazan ayının mühüm rol oynadığını yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Respublikamızın müsəlmanları Ramazan ayı günlərində Allaha, Vətənə və xalqa sədaqət, sıx həmrəylik və möhkəm iradə nümayiş etdirmiş, imanlarının saflığını təkcə sözdə deyil, həm də əməllə sübut etmişlər”.
“İnsan mənəviyyatının saflaşması, əxlaqi dəyərlərin bərqərar olması işinə yönəldilmiş hər bir fəaliyyət yüksək qiymətə layiqdir. Muxtar respublikamızda da dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, İslamın müqəddəs ayin və bayramlarının qeyd edilməsinə xüsusi diqqət yetirilir”, – deyən Ali Məclisin Sədri dinimizin və mənəvi dəyərlərimizin bir hissəsi olan müqəddəs Ramazan ayında xalqımıza, eləcə də muxtar respublika əhalisinə və mərasim iştirakçılarına ən xoş arzularını çatdırmışdır.
Sonra mərasimdə “Qurani-Kərim”dən ayələr oxunmuş, arzu və niyyətləri ifadə edən dualar səslənmişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində, Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində, Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicə alan xəstələrə və gecə növbəsində çalışan işçilərə də iftar süfrələri açılmış, ümumilikdə, iftar mərasimlərində min nəfərdən artıq insan iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti