08 Yanvar 2025, Çərşənbə

Muxtar respublikada iqtisadi və sosial sahələrdə həyata keçirilən mühüm tədbirlər əhalinin rifah halının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı, demoqrafik göstəricilərin də pozitivliyini təmin edib. 

Əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə muxtar respublikada növbəti siyahıya­alma keçiriləcəkdir. Siyahıyaalma vahid prinsiplər və proqram əsasında bütün ərazidə, eyni zamanda adbaad, mərkəzləşdirilmiş qaydada sorğu yolu ilə aparılacaqdır.
Siyahıyaalma hər bir ölkənin, dövlətin milli statistikasının əsasını təşkil edib demoqrafik və sosial vəziyyət barədə ən vacib məlumat mənbələrindən biri hesab edilir. Bundan əlavə, siyahıyaalma cəmiyyətin siyasi həyatı üçün bir növ stimuldur və ictimai resursların ədalətli istifadəsinə, paylanmasına yardım edir.

Əhalinin siyahıya alınması mühüm dövlət tədbiri kimi BMT-nin tövsiyələrinə uyğun olaraq ölkəmizdə hər 10 ildən bir keçirilir. Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizdə, o cümlədən muxtar respublikada 1999 və 2009-cu illərdə əhalinin siyahıya alınması keçirilib.
Əhalinin növbəti siyahıya alınması Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən 2019-cu il oktyabrın 1-dən 10-dək aparılacaqdır.
Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya alınması üzrə hazırlıq işlərinin görülməsi, onun keçirilməsi, bu sahədə müvafiq nazirlik, komitə, idarə və təşkilatların, şəhər və rayon icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək məqsədilə 2016-cı il 26 dekabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya alınmasına yardım komissiyasının yaradılması haqqında” Sərəncam imzalanıb. Müvafiq sərəncamın icrası istiqamətində 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya alınmasına yardım komissiyasının iş planı təsdiq edilib. Planda yerinə yetiriləcək işlər müəyyənləşdirilib, şəhər və rayon icra hakimiyyətlərində əhalinin siyahıya alınmasına yardım komissiyaları yaradılıb, icraya məsul orqanlara konkret tapşırıqlar verilib.
Mühüm dövlət tədbirinin əsas icraçısı kimi əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə olunub.
Təsdiq olunmuş iş planına əsasən muxtar respublikanın şəhər və rayonlarının yaşayış məntəqələri üzrə sxematik plan və xəritələri hazırlanıb, evlərin, mənzillərin sayı və digər göstəricilər haqqında məlumatlar dəqiqləşdirilib. Əldə olunmuş məlumatlar əsasında muxtar respublikanın hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar hazırlanıb. Təşkilati plana əsasən şəhər və qəsəbələr üzrə siyahıyaalma məntəqələrinin, şəhər və qəsəbələr üzrə təlimatçı və sayıcı məntəqələrinin, kənd yerlərində siyahıyaalma məntəqəsinin təlimatçı və sayıcı məntəqələri üzrə tərkibləri müəyyənləşdirilib, şəhər, qəsəbə və kənd yerlərində siyahıyaalmanın rayonlaşdırılması başa çatdırılıb.
Əvvəlki siyahıyaalmalardan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə daxil edilmiş əlilliyə dair suallar sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil­-məişət şəraiti, təhsili və məşğulluğu haqqında yeni məlumatların əldə edilməsinə şərait yaradacaq.
Əhalinin siyahıya alınmasında əmək bazarının əsas göstəriciləri olan iqtisadi-fəal, məşğul, işsiz və qeyri-fəal əhali haqqında geniş məlumat əldə etmək imkanı yaranır ki, bu da, öz növbəsində, bu sahədə geniş tədqiqatların aparılmasına imkan verir.
Şifahi sorğu yolu ilə keçirilən siyahıyaalma zamanı ayrı-ayrı şəxslər haqqında toplanmış fərdi göstəricilər xüsusi proqrama daxil edilərək ümumiləşdirilib yekun məlumatlar əldə edilir.
Qeyd etmək lazımdır ki, 2009-cu ildə muxtar respublikada keçirilmiş siyahıyaalmada əhalinin sayı 398,3 min nəfər olub ki, bunun da 198,3 min nəfərini və ya 49,8 faizini kişilər, 200 min nəfərini və ya 50,2 faizini isə qadınlar təşkil edib. Əhalinin 115,5 min nəfəri və ya 29 faizi şəhərlərdə, 282,8 min nəfəri və ya 71 faizi kəndlərdə məskunlaşıb.
1 may 2019-cu il tarixə muxtar respublikada əhalinin sayı 457 min nəfərə yaxın olub ki, bu da 2009-cu ilin aprel ayında keçirilmiş siyahıya­alma dövründə qeydə alınmış əhali sayından 58,7 min nəfər çoxdur. Müqayisə üçün deyək ki, ikinci siyahıyaalmada əhalinin sayı birinci siyahıyaalma dövründən 44,2 min nəfər çox olub. Heç şübhəsiz ki, muxtar respublikada cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması, həmçinin iqtisadi və sosial sahələrdə əldə olunmuş uğurlu inkişaf əhalinin dinamik artımını təmin edən mühüm amillərdir.
Davamlı inkişafın təmin edilməsində mühüm informasiya mənbəyi olan əhalinin siyahıya alınması üzrə həyata keçirilən hazırlıq işləri genişmiqyaslı tədbirin muxtar respublikada vaxtında və mütəşəkkil keçirilməsinə imkan yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR