İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul etmişdir. Universiadada qazanılan böyük idman uğuru münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan idman dövləti olduğunu növbəti dəfə sübuta yetirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Kazanda keçirilən mötəbər yarışda Azərbaycanın himni dörd dəfə səsləndirilmiş, bayrağı 16 dəfə dalğalanmış, idmançılarımız 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanmışlar. London Olimpiadasında 10 medal qazanan Azərbaycanda idmanın sürətlə və ardıcıllıqla inkişaf etdiyini deyən Prezident İlham Əliyev yalnız qüdrətli dövlətlərin belə uğurlar əldə etdiyini bildirdi. Dövlətimizin başçısı respublikamızda idmanın kütləviliyinə nail olunduğunu və bu prosesin davamlı xarakter aldığını dedi, bu yaxınlarda Xaçmazda 38-ci Olimpiya İdman Kompleksinin istifadəyə verildiyini vurğuladı. Ölkəmizdə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə dövlət qayğısının yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Azərbaycan idmançılarının bundan sonra da böyük qələbələrə imza atacağına əmin olduğunu bildirdi.
Universiadada qələbə qazanan idmançılara yüksək pul mükafatı verilməsi barədə müvafiq Sərəncam imzaladığını vurğulayan Prezident İlham Əliyev bir daha xalqımızı və ölkəmizin idman ictimaiyyətini əldə olunan böyük uğur münasibətilə təbrik etdi.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc