İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına burada aparılmış yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilərək bildirilib ki, 11 hektar ərazini əhatə edən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tikinti, təmir və yenidənqurma işləri 2018-ci ilin fevral ayında başlanıb. Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar əsaslı təmir olunub və qurğular yerləşdirilib. Burada sahəsi 1800 kvadratmetr olan üçmərtəbəli yeni qərargah binası inşa olunub. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, abadlıq tədbirləri görülüb. Binanın qarşısında Cəmşid Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi yerləşir.
Sonra Prezident İlham Əliyev Hərbi Liseydəki Heydər Əliyev Muzeyi və dördmərtəbəli yataqxana korpusu ilə, Hərbi Liseyin klubunda, kursant yeməkxanasında və tədris korpusunda yaradılan şəraitlə tanış olub.
Prezident, Ali Baş Komandan İlham Əliyev 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarını və müəllimlərini təbrik edib.
AZƏRTAC