05 Yanvar 2025, Bazar

Müasir dünyada iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri də turizm sektorunun inkişafıdır. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
İyulun 24-də Şahbuz rayonunun Ağbulaq kəndində yeni istirahət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Açılış tədbirində çıxış edən Ali Məclisin Sədri demişdir: “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Dövlət proqramına uyğun olaraq, muxtar respublikada turizmin müxtəlif sahələrinin inkişafı təmin edilir, turizm infrastrukturu yenidən qurulur.

Həyata keçirilən tədbirlər çərçivəsində kənd turizminin yaradılması da diqqət mərkəzində saxlanılır. Bu gün istifadəyə verilən Ağbulaq İstirahət Mərkəzi ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərdəndir”. Ali Məclisin Sədri bu münasibətlə kollektivi təbrik etmiş, istirahət mərkəzinin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirmişdir.
Ali Məclisin Sədri demişdir: “Ağbulaq kəndində istirahət mərkəzinin yaradılması təsadüfi deyil. Hələ keçmiş Sovetlər Birliyi dövründə bu kənddə məktəblilərin yay düşərgələri təşkil olunurdu. Bu, o dövrdə həyata keçirilən mühüm tədbirlərdən biri idi. Bu gün müstəqil Azərbaycanda da xidmət sahələrinin inkişafına, yeni istirahət komplekslərinin tikilməsinə və turizm infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolun dövlət başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişafa nail olunmuş, sabitlik təmin edilmişdir. Bütün bunlar ölkəmizdə yay və qış turizminin inkişafını daha da sürətləndirir. Ağbulaq İstirahət Mərkəzində də yay və qış turizminin inkişafı üçün əlverişli şərait vardır”.

Ali Məclisin Sədri demişdir: “Bu gün turistlər iqtisadi cəhətdən inkişaf edən, zəngin təbiətə və təbii ərzaq məhsullarına malik olan ölkələrə daha çox üstünlük verirlər. Naxçıvan Muxtar Respublikasında bunların hər biri mövcuddur. İstirahət mərkəzinin yerləşdiyi Ağbulaq kəndi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Dağlıq ərazidə yerləşən Ağbulaqda kənd turizminin inkişafı üçün əlverişli infra­struktur mövcuddur. Fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin və telefon rabitəsinin mövcudluğu, yolun çəkilməsi, yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim məntəqəsinin tikintisi kəndin turizm imkanlarını daha da artırıb. Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Lakin buna baxmayaraq, kənddə meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilir. Bu da turistlərin ekoloji cəhətdən təmiz qida məhsulları ilə təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda istirahət mərkəzi kəndin inkişafında da mühüm rol oynayacaqdır”.
Ali Məclisin Sədri turizm mərkəzlərinin yaradılması ilə yanaşı, təbliğat işlərinin aparılmasının da vacibliyini qeyd etmiş, muxtar respublikanın aid təşkilatları tərəfindən Ağbulaq İstirahət Mərkəzindən lazımi səviyyədə istifadə olunacağına, turizm təşkilatları ilə əlaqələrin genişləndiriləcəyinə əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Ağbulaq İstirahət Mərkəzinin tikintisinə 2011-ci ildə başlanmışdır. 3,5 hektar ərazisi olan mərkəz 3 yaşayış korpusundan və 1 yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur. Otaqlarda istirahət üçün hər cür şərait yaradılmış, havalandırma sistemləri quraşdırılmış və sürətli internetlə təchiz edilmişdir. Yeməkxana binası birmərtəbəlidir. Burada 80 nəfərlik yemək zalı, mətbəx, ilkin tibbi yardım və 6 iş otağı yaradılmışdır. İstirahət mərkəzində kənd məhsullarının satışı mağazası, qazanxana və camaşırxana da vardır.
Kompleksin ərazisinə 2 kilometr məsafədən içməli su xətti çəkilmiş, ərazi dəmir məhəccərlə hasarlanmışdır. Həyətdə futbol meydançası yaradılmış, uşaq əyləncə qurğuları qoyulmuş, ağac və gül kolları əkilmişdir.
Ali Məclisin Sədri muxtar respublikada turizm infrastrukturunun inkişafı sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, Ağbulaq İstirahət Mərkəzində turizm fəaliyyətinin stimullaşdırılması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR