Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyerın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək, bu tədbirin beynəlxalq əməkdaşlıq baxımından önəmini vurğulayıb. Bakının qədim tarixi ənənələrə malik olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bununla bərabər paytaxtımızın sürətlə inkişaf etdiyini və müasir infrastrukturun yaradıldığını qeyd edib. Dövlətimizin başçısı hazırda ölkəmizin xarici turistlər üçün cəlbedici məkana çevrildiyini, qonaqların sayının durmadan artdığını bildirib.
Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyer Bakıya gələn hər bir qonaqda buradakı inkişaf proseslərinin, tarixi və müasir tikililərin dərin təəssürat hissi doğurduğunu qeyd edib. O, Bakının beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsinin və infrastruktura qoyulan investisiyaların paytaxtımızın inkişafına böyük töhfə verdiyini vurğulayıb.
Prezident İlham Əliyev Bakıda həyata keçirilən inkişaf prosesləri ilə yanaşı, tarixi irsin qorunması işinə də böyük diqqət verildiyini qeyd edib. Eyni zamanda dövlətimizin başçısı Azərbaycanda əhalinin sayının artması ilə əlaqədar müvafiq infrastruktur layihələrinin də həyata keçirilməsinə böyük önəm verildiyini bildirib.
AZƏRTAC