Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub.
Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.
Azərbaycanın paytaxtında çoxdandır maraqla gözlənilən futbol yarışı uğurla baş tutub.
Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunub. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar əlavə vaxt təyin olunacağı təqdirdə dördüncü əvəzetmədən istifadə etmək hüququ qazanıblar.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC