Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelleni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir.
Görüşdə ötən dövr ərzində ölkələrimiz arasında əlaqələrin intensiv xarakter daşıdığı bildirildi, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu, ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
* * *
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı. İlin altı ayının göstəricilərinin müsbət olduğunu, qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini deyən Prezident İlham Əliyev bildirdi ki, bu göstəricilər ilin sonuna qədər müsbət dinamikanın qorunacağını deməyə əsas verir.
Prezident İlham Əliyev növbəti aylarda qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün tapşırıqlarını verdi.
AzərTAc