Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etmişdir.
Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını və Ramazan bayramı münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, regional və digər sahələrdə daha da genişləndirilməsinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına və Ramazan bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi, onun da salamlarını və təbriklərini Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Obişerin etimadnaməsini qəbul etmişdir.
Paskal Obişer etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin sürətli və uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmi qeyd olundu. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc