Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.
Dövlətimizin başçısı və xanımı uşağın valideynləri ilə söhbət ediblər.
Prezident İlham Əliyev deyib ki, aprelin 6-da sizin həyatınızda, eyni zamanda ölkəmizin həyatında çox əlamətdar hadisə baş verib. Sizin körpəniz ölkəmizin 10 milyonuncu sakinidir. Sizi təbrik edirəm, sağlam böyüsün, sizi sevindirsin, xalqımızı sevindirsin. Bu, tarixi hadisədir. Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını təbrik edirəm.
Dövlətimizin başçısı qeyd edib ki, əhalimiz artır. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır.
Prezident İlham Əliyev Həsənova Mehriban Rauf qızının sertifikatını valideynlərinə təqdim edib. Dövlət tərəfindən onalara mənzil hədiyyə olunduğunu, Azərbaycanın 10 milyonuncu sakininin hesabına vəsait köçürüldüyünü bildirib.
Valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.