Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydanına gəliblər.
Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə söhbət ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası ilə tanış olublar.
Sonra Prezident İlham Əliyev Novruz şənliyində iştirak edən xarici ölkələrin vətəndaşları ilə görüşüb söhbət edib.
Daha sonra dövlətimizin başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış olublar.
Bahar qızı dövlətimizin başçısına bayram xonçası təqdim edib.
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər.
AZƏRTAC