İyulun 12-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur Rayon Qeydiyyat Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri Şərur Rayon Qeydiyyat Şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Şərur rayonunda 110 mindən yuxarı əhali yaşayır. Rayon əhalisinin vətəndaşlıq qeydiyyatı aktları və digər normativ sənədlərin tətbiqi Qeydiyyat Şöbəsi və inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən həyata keçirilir. Ölkəmizdə bu sahədə zəngin qanunvericilik bazası yaradılmış, qanunlar və digər normativ hüquqi aktlar qəbul edilmişdir. Qeydiyyat şöbələrində, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan işçilər bu qanunların tələblərini dərindən öyrənməli, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməli, qeydiyyataalma zamanı dəqiqlik və şəffaflıq gözlənilməlidir”.
Ali Məclisin Sədri yaradılan şəraitin müqabilində əməkdaşların daha səylə çalışacaqlarına əminliyini bildirmiş, binanın açılışını bildirən lenti kəsmişdir.
Qeydiyyat Şöbəsinin fasadı və interyeri müasir və milli dizayn elementləri ilə işlənmişdir. Binanın daxili fasadında daş mozaikası ilə Azərbaycan milli rəqs ornamentləri və “Yallı” rəqsi əks olunmuşdur. Pəncərələri şəbəkə üsulu ilə işlənmiş binada 2 iş otağı və arxiv istifadəyə verilmişdir. İş otaqları mebel dəstləri və lazımi avadanlıqlarla təmin olunmuş, əməkdaşlar üçün hərtərəfli şərait yaradılmışdır. Binada yaradılan şərait vətəndaşlara nümunəvi xidmət göstərməyə imkan verəcəkdir.
* * *
İyulun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Rayon İcra Hakimiyyətinin əvvəlki binasına baxmışdır.
Ali Məclisin Sədri binanın layihələndirilərək yenidən qurulması barədə tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin Sədri Şərur şəhərindəki 34 və 1 nömrəli yaşayış binalarında aparılan yenidənqurma işlərinin gedişi ilə də maraqlanmışdır.
Bildirilmişdir ki, 34 nömrəli yaşayış binasında hazırda təmir işləri aparılır. 5 mərtəbəli bina 40 mənzildən ibarətdir. 1 nömrəli yaşayış binası isə 4 mərtəbəlidir. İki girişi olan binada 22 mənzil vardır.
Ali Məclisin Sədri yenidənqurma işlərinin keyfiyyətlə aparılmasını tapşırmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti