1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın tarixində yeni dövr başlandı. Bu dövr müasir tariximizə iqtisadi və mədəni yüksəliş mərhələsi kimi daxil olmuş, bütün sahələrdə böyük uğurlar qazanılmışdır. Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olunmuşdur. Bu gün ulu öndərin arzularının reallaşdırıldığı muxtar respublikada genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasir görkəm alır.
İyulun 12-də − ümummilli liderimizin Azərbaycanda ali hakimiyyətə gəlməsinin 44-cü ildönümü ərəfəsində Şərur Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilmişdir.
Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin binanın qarşısındakı abidəsinin önünə gül dəstəsi qoymuş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişdir.
Sonra Ali Məclisin Sədri binanın açılışını bildirən lenti kəsmişdir.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov demişdir ki, bu gün muxtar respublikamızın bütün bölgələrində abadlıq-quruculuq işləri aparılır. Şərur rayonunda da tikinti-quruculuq işləri geniş vüsət almışdır. 1995-ci ildən ötən dövr ərzində rayonda 31 məktəb binası, 13 tibb müəssisəsi inşa edilmiş, 22 kənd yaşayış məntəqəsində kompleks abadlıq işləri görülmüşdür. Hazırda rayonun 5 kəndində quruculuq işləri davam etdirilir. Tikinti-quruculuq işləri Şərur şəhərini də əhatə etmiş, yeni inzibati binalar, sosial obyektlər tikilmiş, park və xiyabanlar salınmışdır. Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın istifadəyə verilməsi də kollektivin qarşısında mühüm vəzifələr qoyur. İbrahim Məmmədov yaradılan şəraitə və göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu gün Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt uğurla davam etdirilir. Ölkəmizin siyasi və iqtisadi qüdrəti artır, insanların maddi-rifah halı yaxşılaşır. Mövcud sabitlik, iqtisadi inkişaf Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmışdır. Bütün bunlar isə ulu öndərin siyasi xəttinin sədaqətlə həyata keçirilməsinin nəticəsidir”.
Ali Məclisin Sədri demişdir: “Rayon İcra Hakimiyyətinin yeni inzibati binası muxtar respublikamızın ən böyük rayonu olan Şərurun idarəetmə mərkəzidir. Rayonda 1 şəhər və 65 kənd mövcuddur. Son illər rayonda idarəetmə təkmilləşdirilmiş, yeni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər yaradılmışdır. Hazırda rayonda 1 şəhər və 52 kənddə icra nümayəndəliyi fəaliyyət göstərir. Bu da idarəetmənin operativ təşkilinə, insanların problemlərinin vaxtlı-vaxtında həllinə, yaşayış məntəqələrinin inkişafına, kənd təsərrüfatı işlərinin uğurla həyata keçirilməsinə şərait yaratmışdır”.
“Şərur böyük potensiala və geniş inkişaf imkanlarına malik olan rayondur. Rayonun məhsuldar torpaqları vardır. Burada kənd təsərrüfatının müxtəlif sahələrini paralel şəkildə inkişaf etdirmək mümkündür”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, yaradılan şəraitdən düzgün istifadə etmək, insanları müxtəlif fəaliyyət sahələri üzrə istiqamətləndirmək vacib məsələdir. Rayonun geniş torpaq sahələri əkin dövriyyəsinə cəlb olunmalı, verilmiş kreditlərdən təyinatı üzrə istifadə edilməli, yeni istehsal müəssisələri yaradılmalı, iş yerləri açılmalıdır. Bu da insanların məşğulluğunun təmin olunması, onların rifah halının yaxşılaşdırılması və dövlətin iqtisadi siyasətinin uğurla həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ali Məclisin Sədri demişdir: “Bu gün ölkəmizdə icra orqanlarının fəaliyyətinin təşkili üçün lazımi hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə “Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə” təsdiq olunmuşdur. İcra orqanlarında çalışan hər bir şəxs bu əsasnaməni dərindən öyrənməli, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Şərur Rayon İcra Hakimiyyətinin kollektivi də yaradılan müasir iş şəraitindən səmərəli istifadə etməli, daim yerlərdə olmalı, dövlətimizin onların qarşısında qoyduğu vəzifələrin icrası istiqamətində səylə çalışmalıdırlar”.
Ali Məclisin Sədri kollektivin rayonun inkişafı, sakinlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan binada 130 yerlik iclas zalı, 38 iş otağı, 7 yardımçı və 2 ehtiyat otağı vardır. Burada əməkdaşlar üçün nümunəvi iş şəraiti yaradılmışdır. İş otaqları müasir tələblər səviyyəsində qurulmuş, lazımi texniki şərait yaradılmış, kompyuterlər qoyulmuşdur. Birinci mərtəbədə yerləşən iclas zalında rayon əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır.
Binanın ikinci mərtəbəsində yerləşən “Elektron hökumət” otağı İcra Hakimiyyəti tərəfindən bu sahədə həyata keçirilən tədbirlərin stimullaşdırılmasına, vətəndaşların müraciətlərinə vaxtlı-vaxtında baxılmasına imkan verəcəkdir.
Bina ilə tanışlıqdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri demişdir: “1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəlmişdir. Həmin dövrdən etibarən ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasi xətt ölkəmizin bütün regionlarını tərəqqiyə, inkişafa qovuşdurmuşdur. 14 iyul Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin əsasının qoyulduğu tarixdir. Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının belə bir əlamətdar dövrdə istifadəyə verilməsi kollektivin qarşısına mühüm vəzifələr qoyur”.
Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulamışdır.
Binanın fasadı milli memarlıq üslubunda üzlənmiş, həyətdə geniş abadlıq işləri aparılmış, gülkarlıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Yeni inzibati bina Şərur şəhərinin simasına xüsusi yaraşıq verməklə yanaşı, onun memarlıq quruluşuna da əlavə çalarlar qatır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti