05 Yanvar 2025, Bazar

Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı, əhalinin un və un məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi diqqət mərkəzində saxlanılır. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təmin olunması, istehsal olunan taxılın qəbulunun asanlaşdırılması əkin sahələrinin ilbəil genişləndirilməsinə, məhsuldarlığın artırılmasına səbəb olmuşdur. Təkcə bu il muxtar respublikamızda 35 min hektardan artıq sahədə taxıl əkilmişdir. Hazırda sahələrdə biçin aparılır.

İyulun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov taxıl biçininin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, biçin keçirilən ərazilərdə əkin şırım üsulu ilə aparılmış, vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilmiş və bu da bol məhsul istehsalına zəmin yaratmışdır. Hazırda hektardan məhsuldarlıq orta hesabla 26 sentnerdir. Taxıl tədarükündə iştirak edən mexanizator və kombaynçılara lazımi şərait yaradılmışdır.
Bildirilmişdir ki, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” taxılçılıq sahəsində də məhsul istehsalının artırılmasına səbəb olmuşdur. Muxtar respublikamızda 18 min ton taxılı uzun müddətə və 20 min ton taxılı qısa müddətə saxlamağa imkan verən Taxıl Ehtiyatı Anbarının fəaliyyət göstərməsi, taxıl emalı müəssisələrinin mövsümə, taxılbiçən kombaynların isə biçinə hazır vəziyyətə gətirilməsi taxılın tədarükünü optimal müddətdə aparmağa imkan verir.
Taxıl biçinində yanğın təhlükəsizliyinə də ciddi diqqət yetirilir. Müvafiq dövlət qurumları mütəmadi olaraq torpaq mülkiyyətçiləri arasında maarifləndirici söhbətlər aparır, yanğın təhlükəsizliyi qaydaları izah edilir və növbətçilik təşkil olunub.
Ali Məclisin Sədri taxıl biçini zamanı kombaynlara vaxtlı-vaxtında texniki qulluq göstərilməsi, təhlükəsizlik tədbirlərinə əməl edilməsi, payızlıq taxıl əkini üçün məhsuldar və yerli iqlim şəraitinə uyğun toxum sortlarının müəyyənləşdirilməsi barədə tapşırıqlar vermişdir.
Muxtar respublikada taxıl biçininin avqustun 10-dək başa çatdırılması nəzərdə tutulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR