Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edib.
Prezident İlham Əliyev çıxışında deyib ki, 2018-ci il dərin iqtisadi islahatlar ili olub, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilib. 2017-ci il isə iqtisadi sabitləşmə ili idi. Bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalı təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir, bəlkə də, birincisidir və onu göstərir ki, sənaye istehsalı sahəsində aparılan işlər, qəbul edilmiş qərarlar bu gün real nəticələrə gətirib çıxarır.
Sonra müşavirədə müzakirələr aparılıb.
AZƏRTAC