İyulun 9-da Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-8” elmi konfransı keçirilmişdir.
Konfransdan əvvəl universitetin Elektron Kitabxanasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev açılışı bildirən lenti kəsmiş, kitabxanada yaradılan şəraitlə tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov elektron kitabxana haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, yenidənqurma işləri zamanı kitabxanada müasir surətköçürmə aparatı, elektron informasiya köşkü, əsas və ehtiyat server quraşdırılmış, 20 oxucu yeri yaradılmışdır. İlkin mərhələdə 50 kitabın elektron kataloqu və tam mətnli elektron versiyası hazırlanmışdır. Bura müraciət edən hər bir oxucu elektron köşkdə qeydiyyatdan keçdikdən sonra kitab sifariş verə bilər. Sistem oxuculara kitabxananın elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş vermək imkanı yaradır. Üç dildə hazırlanan www.e-kitab.ndu.nmr.az yeni internet saytı dünyadakı istənilən kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verəcəkdir. Saytın “Kitabxana”, “Elektron kataloq”, “Bizimlə əlaqə” bölmələrində kitabxana ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, dövri mətbuatla tanış olmaq imkanı vardır. İnternet saytında kitablar haqqında biblioqrafik məlumat və kitabların elektron variantları, “Media” bölməsində isə audiokitablar yerləşdirilmişdir.
Qeyd olunmuşdur ki, bu gün informasiya-kommunikasiya texnologiyalarının kitabxanalara tətbiq edilməsi kitabxana işinin keyfiyyətini, istifadəçiyə xidmət işinin səviyyəsini yüksəltməyə imkan verir. Müasir dövrdə elektron kitabxanalar informasiya resurslarının sürətli və keyfiyyətli fəaliyyətinin təmin edilməsində, oxucuların informasiya tələbatının daha yüksək səviyyədə ödənilməsində mühüm əhəmiyyət daşıyır. Naxçıvan Dövlət Universitetində elektron kitabxana sisteminin istifadəyə verilməsi də kitabxana xidmətinin forma və məzmunca yeniləşməsinə səbəb olmuşdur.
Elektron kitabxana ilə tanışlıqdan sonra tədbir iştirakçıları universitetin Konservatoriya binasının foyesində elektronika, memarlıq və rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. Sərgidə universitet tələbələri tərəfindən hazırlanan və informasiya texnologiyalarının müxtəlif sahələrinə aid olan elektronika qurğuları, rəsm əsərləri, maket və memarlıq layihələri nümayiş etdirilmişdir.
Sonra Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının akt zalında “Elektron Naxçıvan-8” elmi konfransı öz işinə başlamışdır.
Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov demişdir ki, Azərbaycanda informasiya cəmiyyətinin formalaşması sahəsində uğurlu tədbirlər həyata keçirilir. İnformasiya cəmiyyətinin inkişaf etdirilməsi sahəsində muxtar respublikamızda da bir sıra işlər görülmüş, elektron kitabxanalar yaradılmış, internet xidmətindən istifadə yaxşılaşdırılmış, “İnformasiya təhlükəsizliyi problemləri”, “Elektron Naxçıvan” və digər bu kimi çoxsaylı konfranslar keçirilmişdir. Bu gün “Elektron Naxçıvan-8” mövzusunda elmi konfransın keçirilməsi və universitetin Elektron Kitabxanasının istifadəyə verilməsi muxtar respublikada informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
Saleh Məhərrəmov muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərə görə minnətdarlığını bildirmiş və “Elektron Naxçıvan-8” elmi konfransını açıq elan etmişdir.
Tədbirdə Naxçıvan Dövlət Universitetində informasiya-kommunikasiya texnologiyalarının inkişafından bəhs edən videomaterial nümayiş olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2005-ci ildən başlayaraq hər il Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan” mövzusunda tədbirlərin keçirildiyini, bu gün sayca 8-ci “Elektron Naxçıvan” tədbirinin öz işinə başladığını qeyd etmiş, bu münasibətlə tədbirin bütün iştirakçılarını və qonaqları salamlamış, təşkilatçılara təşəkkürünü bildirmişdir.
Ali Məclisin Sədri demişdir: “Hər dövrün özünün inkişaf qanunauyğunluqları var. İyirmi birinci əsr elm və texnologiyalar əsridir. Bu, o deməkdir ki, elm olmasa, müasir hesablama, informasiya və kommunikasiya texnologiyaları yarana, tətbiq və inkişaf etdirilə bilməz. Öz növbəsində informasiya və kommunikasiya texnologiyaları da olmasa, elmi, bütövlükdə, cəmiyyəti irəli aparmaq, idarəetməni təkmilləşdirmək mümkün deyil. Müasir dünyanın siyasi və iqtisadi mənzərəsinə nəzər salsaq, aydın görmək mümkündür ki, informasiya-kommunikasiya texnologiyalarına üstünlük verən ölkələr irəli gedir və inkişaf edirlər. Artıq bu gün dövlətlərin qüdrəti və iqtisadi gücü müasir texnologiyalara yiyələnmək və onları tətbiq etmək gücünə əsaslanır”.
Qeyd olunmuşdur ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarını inkişaf etdirmək yolunu ötən əsrin 70-ci illərindən tutmuşdur. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən cəmi bir il sonra, 1970-ci il iyun ayının 24-də “Rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” Qərar qəbul etmişdir. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün, ilk növbədə, bu qərara borcludur. Həmin qərardan sonra Azərbaycanın rabitə və kommunikasiya sektorunda əsl intibah baş vermişdir. Bu dövrdə ulu öndərimizin himayəsi ilə Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi yaradılmış, mikrosxemlərin, hesablama texnika və avadanlıqlarının istehsalı ilə məşğul olan yeni sənaye müəssisələri işə salınmış, ilk dəfə olaraq orta məktəblərə kompyuterlərin verilməsi həyata keçirilmiş, elektronika, avtomatika və hesablama texnikası üzrə gənc mütəxəssislər yetişdirilmişdi.
Ali Məclisin Sədri Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafının ümummilli liderimizin ali hakimiyyətə ikinci dəfə qayıdışından sonra mümkün olduğunu bildirərək demişdir: “Möhtərəm Heydər Əliyev tərəfindən 2003-cü il fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın qəbul olunması ölkəmizin dünya informasiya və elektron mühitinə inteqrasiyasını daha da sürətləndirmiş, Azərbaycan qlobal informasiya məkanında layiqli yer qazanmışdır.
Bu gün ulu öndərimizin daim üstün istiqamət verdiyi inkişafın müasir texnologiyaların tətbiqi vasitəsi ilə həyata keçirilməsi yolu Azərbaycanda uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin prezident seçildikdən sonra 2003-cü ildə ilk xarici səfərinə Cenevrədə keçirilən informasiya cəmiyyəti üzrə dünya sammitində iştirakla başlaması və Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafını neftdən sonra prioritet sahə elan etməsi qarşıya konkret vəzifələr qoymuşdur. Bu vəzifələrin icrası və həyata keçirilən dövlət proqramları nəticəsində elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü və informasiya təhlükəsizliyi istiqamətində mühüm addımlar atılmışdır. Cari ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması və 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin daha bir ifadəsidir. Ölkə rəhbəri hörmətli İlham Əliyev demişdir: “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu hər kəs görür. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayır”.
“Naxçıvan Muxtar Respublikasında informasiya-kommunikasiya texnologiyaları sosial-iqtisadi inkişafda əsas hərəkətverici qüvvədir. Bütün sahələrdə müasir texnologiyaların gücündən səmərəli istifadə olunur. Muxtar respublika blokada şəraitində yaşayır. Ancaq buna baxmayaraq, informasiya və kommunikasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi nəticəsində informasiya blokadası aradan qaldırılmış, ucqar dağ kəndlərində belə, dünyanın istənilən ölkəsi ilə telefon və genişzolaqlı internet əlaqələri yaradılmışdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, son illər muxtar respublikada telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin səviyyəsi yüksəldilmiş, Naxçıvan şəhərində, Şərur və Sədərək rayonlarında 3-cü nəsil telekommunikasiya sistemləri quraşdırılmışdır. Hazırda bu sistem mövcud telefon istifadəçilərinin 60 faizinə xidmət edir. İran İslam Respublikasından daxil olmaqla Türkiyənin telekommunikasiya şəbəkəsinə qoşulan 134 kilometrlik yeraltı optik xəttin tikintisi hesabına avtomat telefon stansiyalarının 90 faizi fiber-optik bağlantılarla təmin edilmişdir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən geniş quruculuq tədbirləri də yeni texnologiyalara, o cümlədən kompyuterləşməyə olan tələbatı xeyli artırmışdır. Hazırda muxtar respublika əhalisində 87 mindən artıq kompyuter vardır. İnternetdən istifadə edənlər isə muxtar respublika əhalisinin 81 faizini təşkil edir.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada bank-maliyyə, gömrük, vergi, səhiyyə, təhsil, mədəniyyət və sosial təminat sahələrində də informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində elektron kitabxanalar yaradılmış, Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanasında ən müasir avadanlıqlar tətbiq olunmuşdur. Cari ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində xüsusi proqram təminatı əsasında audiokitabxana və elektron kitabxana xidmətləri istifadəyə verilmişdir. Həyata keçirilən tədbirlər bizi informasiya cəmiyyətinin formalaşmasına xeyli yaxınlaşdırmışdır. Elektron hökumətin qurulması istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlər dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasına, dövlət orqanları ilə vətəndaşlar arasında əlaqələrin daha sıx şəkildə qurulmasına, insanların informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə şərait yaradır. Muxtar respublikada 74 dövlət orqanı üçün internet səhifəsi hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmiş, 34 dövlət orqanı tərəfindən göstəriləcək elektron xidmətlərin reqlamentləri təsdiq edilmiş, “Elektron hökumət” portalı yaradılmışdır.
İnformasiya-kommunikasiya texnologiyaları bilik, zəka və intellekt tələb edən sahədir. Bu sahənin inkişafı həm də ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Bu amil əsas götürülərək muxtar respublikanın təhsil müəssisələrinin yeni nəsil informasiya texnologiyaları ilə təminatına da xüsusi diqqət yetirilir. Hazırda ümumtəhsil məktəblərində 3183 kompyuter və 500 elektron lövhə, ali təhsil müəssisələrində isə 600-ə yaxın kompyuter və 52 elektron lövhə vardır. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı ardıcıl xarakter daşıyır. Lakin görülən işlər son hədd deyil. Bu iş daha da gücləndirilməlidir. Çünki informasiya texnologiyaları daim inkişafdadır. Bu isə, öz növbəsində, mövcud sahədə yeniləşməni, müasir dünyada gedən proseslərdən geri qalmamağı tələb edir”.
Ali Məclisin Sədri “Elektron Naxçıvan-8” elmi konfransının faydalı olacağına, qeyd olunan sahədə yeni istiqamətlər müəyyənləşdirəcəyinə əminliyini bildirmişdir.
Elmi konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Rasim Əliquliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov çıxış edərək ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı, əldə edilən nailiyyətlər və keçirilən elmi konfranslar beynəlxalq informasiya cəmiyyətinə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.
Konfransın gedişində Türkiyə Respublikasının Qars Qafqaz, İspaniyanın Santiaqo de Kompostela, Rusiyanın Penza Dövlət universitetləri, Avstriyanın “Əldə etmək və saxlamaq” Assosiasiyası, Almaniyanın Leypsiq Tədqiqi Elmlər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə videobağlantılar yaradılmışdır.
Sonda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri konsert proqramı ilə çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Elektron Naxçıvan-8” elmi konfransının iştirakçıları ilə xatirə şəkli çəkdirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti