Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı belə geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla Almaniya arasında əməkdaşlığın və tərəfdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirərək ölkələrimizin və biznes dairələrinin əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı maraq göstərməsindən məmnunluğunu ifadə edib. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu söyləyib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən energetika, neft-kimya, qeyri-neft sektoru, təhsil, peşə təhsili və digər sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, alman şirkətlərinin Azərbaycandakı sənaye zonalarına maraq göstərdikləri qeyd olunub, onların Sumqayıt Kimya Sənaye Parkında iştirakına dair məsələlər müzakirə edilib.
AZƏRTAC