Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranı qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın gələcək inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Söhbət zamanı həmçinin Azərbaycanla Ukrayna arasında münasibətlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişafından məmnunluq ifadə olundu.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Kolumbiya Respublikasının xarici işlər naziri xanım Maria Anxela Olqin Kueyarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, bu münasibətlərin siyasi, iqtisadi, mədəni, beynəlxalq əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Söhbət zamanı əlaqələrimizin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu qeyd edildi, əməkdaşlığımızın möhkəmləndirilməsində müxtəlif səviyyəli səfərlərin önəmi vurğulanaraq Kolumbiya Respublikasının xarici işlər naziri xanım Maria Anxela Olqin Kueyarın Azərbaycana səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
AzərTAc