Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xorvatiya Respublikası Parlamentinin Sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Xorvatiyanın Avropa İttifaqına üzv qəbul olunmasından məmnunluq ifadə edildi. Ölkələrimizin bundan sonra həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq edəcəyi əminliklə qeyd olundu. Xorvatiya Respublikası Parlamentinin Sədri İosip Lekonun Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirildi.
* * *
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsi önünə gül dəstəsi qoydu.
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun, Hemodializ Mərkəzinin açılışlarında iştirak etmiş, Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
* * *
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuza səfərini başa çatdıraraq Qazax rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax Sement Zavodunun, Qazax-Quşçu Ayrım avtomobil yolunun inşası başa çatmış 15 kilometrlik hissəsinin, Uşaq Əyləncə Mərkəzinin, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının yeni inzibati binasının açılışlarında iştirak etmişdir.
AzərTAc