İyulun 5-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri şəxsi heyəti salamlamışdır.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri Şamı Abdullayev demişdir ki, muxtar respublikamızda həyata keçirilən kompleks quruculuq işləri bu orqanı da əhatə etmişdir. Bu gün nazirliyin və struktur qurumların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, yeni inzibati binalar tikilərək istifadəyə verilir. Nazirliyin Mülki Müdafiə Alayının avtomobil parkında və təlim mərkəzində yenidənqurma işləri aparılmış, yanğın təhlükəsizliyi şöbələrinin fəaliyyətinin gücləndirilməsi məqsədilə yeni inzibati binalar tikilmiş, yanğınsöndürmə avtomobilləri və digər avadanlıqlar alınmışdır. Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yaradılan şərait rayonda baş verə biləcək yanğın hadisələrinin qarşısının alınmasına imkan verəcəkdir. Fövqəladə hallar orqanlarına göstərilən yüksək qayğıya görə şəxsi heyət adından minnətdarlıq edən Şamı Abdullayev yaradılan şəraitdən istifadə edərək daha da səylə çalışacaqlarını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt uğurla davam etdirilir. Qəbul olunan dövlət proqramları, sabitliyin qorunması, həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmışdır. Həyata keçirilən tədbirlər muxtar respublikamızın da hərtərəfli inkişafına səbəb olmuş, dövlət qurumlarının fəaliyyəti gücləndirilmiş, qarşıya qoyulan vəzifələrin icrası üçün lazımi şərait yaradılmışdır. Bu gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin də fəaliyyəti tam təmin olunmuşdur. Nazirlik muxtar respublikada baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması istiqamətində səmərəli fəaliyyət göstərir”.
Ali Məclisin Sədri demişdir: “Şərur muxtar respublikanın ən böyük rayonudur. Rayonda yaşayan 110 min nəfər əhali 27 minə yaxın təsərrüfatda birləşmişdir. Əhalinin əmlakının və təsərrüfatının qorunması Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin qarşısında duran ən mühüm vəzifədir. Şöbə rayonda fəaliyyət göstərən 2 mindən artıq sahibkarlıq subyektinin, meşələrin və 10 min hektara yaxın taxıl sahəsinin hadisələrdən qorunması istiqamətində öz fəaliyyətini gücləndirməlidir. Eyni zamanda kollektiv mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirməli, əhali arasında maarifləndirmə işləri aparmalı, baş verə biləcək hadisələrin qarşısı əvvəlcədən alınmalıdır. Bu işlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, yeni inzibati bina tikilmiş, maddi-texniki baza gücləndirilmişdir”.
Ümummilli lider Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, – fikrini xatırladan Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada fövqəladə hadisələrin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və onun struktur qurumları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Aparılan profilaktik tədbirlər nəticəsində istər qış mövsümündə, istərsə də taxıl biçininin həyata keçirildiyi bu günlərdə muxtar respublikada yanğın hadisələri qeydə alınmamışdır”.
Ali Məclisin Sədri vəzifə borclarını uğurla yerinə yetirdiklərinə görə nazirliyin kollektivinə təşəkkürünü bildirmişdir.
Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yaradılan şəraitdən səmərəli istifadə edəcəyinə və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini bildirən Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, tikinti işləri zamanı ərazidə ikimərtəbəli inzibati bina, 80 kubmetr həcmində yeraltı ehtiyat su hovuzu, təlim qülləsi və 2 anbar yaradılmışdır. İnzibati binanın birinci mərtəbəsində növbətçi yanğınsöndürmə xidmətinin fəaliyyətini təmin edən otaqlar və texniki qaraj yerləşir. Burada sinif otağı, yataqxana, yeməkxana və istirahət otağı, binanın ikinci mərtəbəsində isə 7 iş otağı və 27 yerlik müşavirə zalı vardır.
Şərur rayonunun yanğından mühafizə planı ilə tanışlıq zamanı bildirilmişdir ki, Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi rayonda 1 şəhər və 65 kəndə xidmət göstərir. Şöbənin yerləşdiyi ərazi rayonun bütün yaşayış məntəqələri istiqamətində şəxsi heyətin və avtomobillərin hərəkətinin təşkilinə imkan verir. Kollektiv əhalini və təsərrüfatları yanğından qorumaq məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirir, maarifləndirici söhbətlər aparır.
Sonra Ali Məclisin Sədri Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə verilən “KAMAZ” və “MAN” markalı yanğınsöndürən avtomobillərinə və yanğından mühafizə vasitələrinə baxmışdır.
Qeyd olunmuşdur ki, Almaniya istehsalı olan “MAN” markalı avtomobil yanğınsöndürmə və xilasetmə işlərini həyata keçirir. 7 nəfər heyətlə hərəkət edən avtomobil 3 ton su və 500 kiloqram köpükyaradan maye tutur. “KAMAZ” markalı yanğınsöndürmə avtomobili isə dağlıq və keçilməsi çətin olan ərazilərdə baş verən yanğınların söndürülməsində istifadə olunacaqdır. Avtomobil 6 ton su və 500 kiloqram köpükyaradan maye ilə rahat manevretmə qabiliyyətinə malikdir. Hər iki avtomobil siyirtməli nərdivanlar və yanğından mühafizə vasitələri ilə təmin olunmuşdur.
Binanın həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, idman meydançası yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti