05 Yanvar 2025, Bazar

Tarixi abidələr qədim irsimizin, milli mədəniyyətimizin öyrənilməsində əvəzedilməz mənbələrdir. Xalqımızın tarixini özündə yaşadan abidələr həm də milli dəyərlərimizin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə də muхtаr rеspublikа ərаzisində yеrləşən tаriх və mədəniyyət аbidələrinin bərpası diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

İyulun 2-də Naxçıvan şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsi bərpa işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Naxçıvan memarlıq məktəbinin inkişaf dövrünün yadigarı olan abidənin uzunluğu 20, eni 9, hündürlüyü isə 9,6 metrdir. Binanın damında 3 metrdən bir qurulan tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. “Buzxana”nın əsas hissəsi yerin altında yerləşir. Havalanma sisteminin düzgün qurulması burada uzun müddət buzun saxlanılmasına imkan vermişdir.

“Buzxana” həm də mətbəx mədəniyyətimizin bir parçasını özündə yaşadan maddi-mədəniyyət nümunəsidir. 2012-ci ildən başlayaraq “Buzxana” tarixi memarlıq görkəmi saxlanılaraq bərpa olunmuş, burada milli mətbəx yaradılmışdır. Bərpa olunmuş tarixi abidədə Azərbaycan, o cümlədən Naxçıvan mətbəxinin zəngin nümunələri təbliğ olunacaq, gələn qonaqlara milli yeməklərimiz təklif ediləcəkdir. Milli mətbəxdə eyni vaxtda 72 nəfərə xidmət göstərilməsi üçün şərait yaradılmış, 9 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri “Buzxana”da bərpa işlərinin aparılmasının tariximizin və milli dəyərlərimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirərək demişdir: “Xalqımızın min illər boyu yaratdığı milli dəyərləri qoruyub yaşatmaq, gənc nəsillərə çatdırmaq vacib məsələdir. Muxtar respublikamızda bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. 2009-cu ildə “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncam imzalanmış, 2012-ci il muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunmuş, Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına əsasən, muxtar respublikada milli dəyərlərlə bağlı sərgilər, festivallar keçirilmiş, “Naxçıvan mətbəxi”, “Naxçıvan tikmələri” kitabları çap olunmuş, “Buzxana” tarix-memarlıq abidəsi bərpa edilmiş, milli mətbəx yaradılmışdır. XII-XIV əsrlərə aid olan bu abidə Azərbaycanda ən böyük buzxanadır. Zəngin memarlıq quruluşuna malik olan buzxana uzun müddət isti yay günlərində əhalinin buza olan tələbatını ödəmişdir”.
Ümummilli lider Heydər Əliyevin “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü milli dəyərlərdir” fikrini xatırladan Ali Məclisin Sədri demişdir: “Ulu öndərimizin milli dəyərlərimizin qorunub yaşadılması istiqamətində müəyyənləşdirdiyi yol bu gün muxtar respublikamızda uğurla davam etdirilir, maddi və milli mədəniyyət nümunələrimizin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Milli dəyərlərimizin bir parçası olan milli mətbəximiz bu cəhətdən mühüm əhəmiyyət daşıyır. Bu gün milli mətbəximizdə 300-dən artıq milli yemək nümunəsi vardır. Hər bir regionun öz təbii-coğrafi şəraitinə uyğun olaraq formalaşan bu nümunələri qorumaq və təbliğ etmək vacib məsələdir. “Buzxana”da bərpa işlərinin aparılması tarix-memarlıq abidəsinin ömrünü uzatmaqla yanaşı, milli mətbəximizin təbliğinə də imkan verəcəkdir”.
Ali Məclisin Sədri tariximizin və milli dəyərlərimizin qorunub-yaşadılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Abidənin həyətində geniş abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıqlar salınmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR