Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini deyən Yaponiyanın xarici işlər naziri Taro Kono ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edib və əlaqələrimizin daha da inkişaf etdirilməsinə ümidvar olduğunu bildirib. Taro Kono Yaponiyanın “İtoçu” və “İnpeks” şirkətlərinin uzun illər “Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhan layihələrində pay sahibi olduqlarını vurğulayıb, “Azəri-Çıraq-Günəşli” üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının önəmini qeyd edib və bu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu əlaqələrin siyasi, iqtisadi və digər sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, əməkdaşlığımızın gündəliyi çox genişdir və Yaponiyanın xeyli sayda şirkəti Azərbaycanda kontraktor, investor qismində uğurlu fəaliyyət göstərir. Eyni zamanda dövlətimizin başçısı iki ölkənin biznes dairələri arasında əməkdaşlığın daha da genişləndirilməsi yollarının müəyyən edilməsinin önəmini də vurğulayıb. Ölkəmizin turizm imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını qeyd edib və respublikamızda turizm infrastrukturunun ən yüksək səviyyədə olduğunu deyib.
Söhbət zamanı kadr hazırlığı məsələlərində təcrübə mübadiləsinin önəmi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsində investisiyaların təşviqinin və qorunmasının əhəmiyyətindən danışılıb, ölkələrimiz arasında iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrdə genişləndirilməsinin böyük potensiala malik olduğu qeyd edilib.
AZƏRTAC