İyunun 24-də Bəhruz Kəngərli Muzeyinin binasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Ali Məclisin Sədri Bəhruz Kəngərli Muzeyinin bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilməsi, əsərlərinin tam külliyyatı ilə sərgilənməsi münasibətilə tədbir iştirakçılarını və ictimaiyyətin nümayəndələrini təbrik edərək demişdir: “Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılmışdır. Həmin dövrdə bu bina muzeyə verilmiş, Bəhruz Kəngərlinin əsərlərinin və rəssama aid olan eksponatların toplanmasına başlanılmışdır. 2002-ci il iyun ayının 18-də ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olmuşdur. Ötən müddətdə muzey Bəhruz Kəngərli irsinin təbliği istiqamətində müəyyən işlər görmüşdür”.
“Bəhruz Kəngərli irsi çox zəngin irsdir, rəssamlıqda yeni məktəbdir. Bu irsi tam külliyyatı formasında qorumaq, ictimaiyyətə təqdim etmək və gələcək nəsillərə çatdırmaq isə bizim üzərimizə düşən başlıca vəzifələrdən biridir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Bu sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Tədbirlər Planı hazırlanaraq həyata keçirilmişdir. Tədbirlər Planına əsasən, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan 191 əsərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilmiş, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində buraxılmışdır. Bu gün həmin albom-kataloqun təqdimatı da keçirilir. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılmış, Bəhruz Kəngərliyə aid sənədli film hazırlanmış və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurulmuşdur. Yenidənqurmadan sonra muzey uzun illər Naxçıvan ictimaiyyətinə və Bəhruz Kəngərli sənətini sevənlərə xidmət göstərəcəkdir. Bu gün muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri vardır. Bu rəsm əsərlərindən 58-i orijinaldır.
Ali Məclisin Sədri demişdir: “Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi binanın yenidən qurularaq istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Ona görə ki, Azərbaycan realist rəssamlığının banisi olan Bəhruz Kəngərli vətənpərvər bir rəssam olmuşdur. Bəhruz Kəngərli yaşadığı torpağı sevən, onun təbiətinə vurğun bir insan idi. Onun əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu qırmızı xətlə keçir. Bəhruz Kəngərli eyni zamanda insanpərvər bir rəssam idi. O, öz dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkmiş, portret janrında dəyərli əsərlər yaratmışdır. Bəhruz Kəngərli xalqını sevən bir rəssam idi. O, əsərlərində xalqımızın tarixini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunələridir. Bəhruz Kəngərli əsərlərində tarixi mövzulara geniş yer vermişdir. O, muxtar respublika ərazisindəki tarixi abidələrin rəsmlərini çəkmişdir. Eyni zamanda rəssam öz əsərlərində erməni vəhşiliyi nəticəsində dağıdılan və ya bu günə gəlib çatmayan bir sıra tarixi abidələrin rəsmlərini də əks etdirmişdir”.
Ali Məclisin Sədri demişdir: “Bəhruz Kəngərli rəssamlıqda yeni bir məktəb yaratmışdır. Sağlamlıq imkanları məhdud olan sənətkar maddi çətinliklərə baxmayaraq, daim xalqına, Vətəninə xidmət etmişdir. Əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayan, onların təhsil almasına köməklik göstərən Bəhruz Kəngərli təkcə rəssam deyil, həm də Azərbaycan xalqının görkəmli nümayəndəsidir. Ona görə də Bəhruz Kəngərli irsi, onun xalqımız, Vətənimiz qarşısındakı xidmətləri daim təbliğ olunmalı, muzeydən həm də muzey-məktəb kimi istifadə edilməlidir. Bunun üçün muzeydə hər cür şərait yaradılmış, Bəhruz Kəngərli irsi və bu irsə aid olan tarixi sənədlər külliyyat şəklində toplanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun müvafiq fakültələri Bəhruz Kəngərli sənətini məhz burada öyrənməlidirlər. Muzeydə dərslər təşkil olunmalı, rəssamın irsi və həyat yolu gənc nəsillərə olduğu kimi çatdırılmalıdır. Çünki bu cür sənətkarların həyat və yaradıcılığı gənc nəsillər üçün nümunədir. Mədəniyyət və Turizm Nazirliyi, muzeyin əməkdaşları da rəssamın irsinin öyrənilməsi və ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini gücləndirməlidir”.
Ali Məclisin Sədri Bəhruz Kəngərli Muzeyinin tarixi binada yerləşdiyini bildirərək demişdir ki, bu bina sovetlər dövründən əvvəl tikilmişdir. İlk vaxtlar bina Qızlar Məktəbi, sonrakı dövrlərdə isə Pedaqoji Texnikum və Tibb Məktəbi kimi fəaliyyət göstərmişdir. Ümummilli liderimiz Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ona görə də ümummilli liderimizin xatirəsinin əbədiləşdirilməsi üçün binaya xatirə lövhəsi vurulmuş və Heydər Əliyev xatirə otağı yaradılmışdır. Xatirə otağında ulu öndərin təhsil aldığı dövrə aid olan arxiv sənədləri, qiymət cədvəlləri və fotoşəkillər sərgilənir.
Ali Məclisin Sədri yaradılanlardan düzgün istifadə olunacağına, muzeydə Bəhruz Kəngərli irsinin lazımi səviyyədə təbliğ ediləcəyinə və ümummilli liderimizin xatirəsinin uca tutulacağına əminliyini bildirmiş, Naxçıvan ictimaiyyətini Bəhruz Kəngərli irsindən bəhrələnməyə çağırmışdır.
Sonra tədbirdə Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloqun təqdimatı olmuşdur.
Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə, Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Müəllimlər İnstitutuna, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə və Bəhruz Kəngərli Muzeyinə Bəhruz Kəngərlinin albom-kataloqunu hədiyyə etmişdir.
Rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlərin toplandığı albom-kataloq nəfis tərtibatla işlənmişdir. Albom-kataloqda yer alan “İlanlı dağ”, “Ağrı dağ”, “Əshabi-Kəhf”, “Nəhəcir dağı”, “Qızlar bulağı şəlaləsi”, “Dağ mənzərəsi”, “Qara dəniz” və “Qaçqınlar” silsiləsinə daxil olan əsərlər yüksək bədii sənətkarlıq nümunələridir. Bu əsərlərdə humanist rəssamın hiss və duyğuları, daxili iztirabları öz dolğun əksini tapmışdır.
Ali Məclisin Sədri və tədbir iştirakçıları muzeydə yaradılan şəraitlə tanış olmuş, ekspozisiya zallarında sərgilənən əsərlərə baxmışlar.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində 2 iş otağı, fond və 4 ekspozisiya zalı, ikinci mərtəbəsində isə 4 ekspozisiya zalı və Heydər Əliyev xatirə otağı yerləşir. Müasir işıqlandırma sistemi quraşdırılan ekspozisiya zallarında rəssamın əsərləri nümayiş olunur.
Baxış zamanı qeyd olunmuşdur ki, teatr rəssamlığı, qrafika və digər janrlarda əsərlər yaradan Bəhruz Kəngərli milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, geniş və rəngarəng yaradıcılıq imkanlarına malik olan böyük sənətkardır. O, Azərbaycan boyakarlığında realizmin əsasını qoymuş, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmişdir. Bəhruz Kəngərlinin əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən doğur. Öz yaradıcılığında realizm ənənələrinə sadiq qalan rəssam bu janrı istər məzmun, istərsə də bədii forma cəhətdən zənginləşdirərək yeni bir sənət səviyyəsinə qaldırmışdır.
Ali Məclisin Sədri sənətşünas alimlər tərəfindən Bəhruz Kəngərli irsinin ətraflı tədqiq olunması, muzeydə ali məktəb tələbələrinin və ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə dərslərin keçilməsi, Bəhruz Kəngərli irsinin layiqincə təbliğ edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Binanın fasadı da milli memarlıq ənənələri və müasir dizayn elementləri əsasında zövqlə işlənmiş, pəncərələr şəbəkə üslubunda hazırlanmış, həyətdə abadlıq işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti