Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
Prezident İlham Əliyev qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı hər zaman Azərbaycanın təşəbbüslərinə və səylərinə dəstək verib və Tedros Adhanom Qebreyesusun bu səfəri əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmlidir. Səhiyyənin Azərbaycanda prioritet sahələrdən biri olduğunu qeyd edən dövlətimizin başçısı son illər ölkəmizdə bu sahədə böyük işlərin görüldüyünü, xeyli sayda yeni xəstəxanaların və tibb mərkəzlərinin tikildiyini vurğulayıb. Görülən bütün bu işlər orta yaş həddinin artması və uşaq ölümünün azalmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
Tedros Adhanom Qebreyesus Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı görülən işlərdən danışıb. Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlara, ölkəmizin hər yerində ən müasir tibb ocaqlarının inşa edilməsinə toxunan qonaq bu istiqamətdə əldə edilən nailiyyətləri Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi kimi qiymətləndirib.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC