05 Yanvar 2025, Bazar

İyunun 17-də Heydər Əliyev adına Hərbi Lisey kursantlarının 2013-cü il buraxılış mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hərbi Liseyin rəisi, general-mayor Rasim Əliyevin mərasimə hazırlıq barədə raportunu qəbul etdikdən sonra kursantları salamlamışdır.

Şəxsi heyət orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himnini ifa etmişdir.
Hərbi Liseyin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək demişdir ki, Heydər Əliyev adına Hərbi Lisey özündə yüzlərlə vətənpərvər gənci birləşdirən müasir hərbi təhsil müəssisəsinə çevrilmişdir. Liseyin müəllim və zabit heyəti öhdəsinə düşən vəzifənin məsuliyyətini və şərəfini dərindən dərk edir. Kursantlarımız mənsub olduqları torpağın layiqli müdafiəçiləri olmaq üçün fəallıq göstərir, hərbi peşənin sirlərinə dərindən yiyələnirlər. Hər il liseyin məzunu olan yüzlərlə kursant ölkəmizdə və xaricdə ali hərbi təhsillərini davam etdirirlər. Bu gün Azərbaycan Silahlı Qüvvələrində liseyin məzunları zabit kimi xidmətlərini davam etdirirlər.
Hərbi Liseyin bundan sonra da yüksək səviyyəli hərbi kadrların yetişdirilməsi işinə layiqli töhfə verəcəyini qeyd edən hərbi təhsil müəssisəsinin rəisi göstərilən diqqət və qayğıya görə şəxsi heyət adından minnətdarlığını bildirmişdir.
Valideyn Zəminə Məmmədova demişdir ki, Hərbi Liseydə kursantların sağlam ruhda böyümələri, hərtərəfli biliklərə yiyələnmələri üçün yaradılan yüksək şərait kursantların valideynlərini də sevindirir. Hər bir valideyn çalışır ki, dövlətin yüksək qayğısının müqabilində Vətənə layiqli övladlar yetişdirsin.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hərbi Liseyin builki buraxılışının əlamətdar dövrdə keçirildiyini bildirərək demişdir: “Ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar 2013-cü il Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunmuşdur. İki gün bundan əvvəl isə ölkəmizdə Milli Qurtuluş Gününün 20-ci ildönümü qeyd edildi”. Ali Məclisin Sədri belə bir tarixi dövrdə Heydər Əliyev adına Hərbi Liseyin 13-cü buraxılış mərasimi münasibətilə kursantları, valideynləri və müəllim-zabit heyətini təbrik etmişdir.
Qeyd olunmuşdur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə əsası qoyulan Milli Qurtuluş tarixinin bəhrələri çoxdur. Onlardan biri də müstəqilliyimizin rəmzinə çevrilən Milli Ordumuzun yaradılmasıdır. Bu gün qürurla deyirik ki, qətiyyətli və müdrik lider Heydər Əliyev şəxsiyyəti olmasaydı, Azərbaycan Ordusu yarana və indiki səviyyəyə gəlib çata bilməzdi. Müasir Azərbaycan Ordusunun bütün inkişaf mərhələləri, təşkilatlanması və bugünkü səviyyəyə gəlib çatması ulu öndərimizin gərgin əməyinin və yorulmaz dövlətçilik fəaliyyətinin nəticəsidir.

“Ordu xalqın əmin-amanlıqda yaşaması, dövlətin və ölkənin müstəqil olması üçün vacib şərtdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ordu qurucu­luğu istiqamətində məqsədyönlü tədbirlər görülür, hərbi hissə və birləşmələrin döyüş qabiliyyəti artırılır. Şəxsi heyət üçün əsgəri-yaşayış-məişət kompleksləri, təlim mərkəzləri tikilir, zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, birləşmə və bölmələrin maddi-texniki bazası davamlı olaraq gücləndirilir. Ordunun qüdrəti təkcə ona verilmiş texnika və silah-sursatın həcmi ilə ölçülmür. Ordu o zaman qüdrətli olur ki, orada milli ruhlu, vətənpərvər şəxsi heyət xidmət etsin. Müasir hərb sənətini bilən peşəkar zabit heyəti yaradılmadan ordunu idarə etmək, qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirmək mümkün deyil. Vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordu ixtisaslı kadrlar hesabına inkişaf edə və möhkəmlənə bilər.
Ali Məclisin Sədri demişdir: “Müasir dövrdə peşə və sənət sahələri çoxdur. Onların içərisində tarixən xalq və dövlət üçün vacib olanlardan biri də hərbi peşədir. Ümummilli liderimiz Heydər Əliyev gənclərin hərbi peşəyə yiyələnmələrinə xüsusi diqqət yetirərək deyirdi ki: “Özünü hərbi peşəyə həsr edən hər bir gənc anlamalıdır: bu peşəyə özünü nə üçün həsr edir? Çünki hərbi peşə başqa peşələrə nisbətən asan deyil, çətindir. Nə üçün həsr edir? Demək, Vətəni qorumaq üçün, öz dövlətini, öz millətini qorumaq üçün! Hesab edirəm ki, hərbi təhsil alıb orduda xidmət etmək istəyən gəncin əsas məqsədi budur. Əgər siz hamınız, həqiqətən, bu məqsədi nəzərə alaraq özünüzü hərbi peşəyə həsr etmək istəyirsinizsə və hərbi məktəbə daxil olub ali hərbi təhsil almaq, bizim orduda, Silahlı Qüvvələrdə xidmət etmək istəyirsinizsə, demək, siz sağlam mənəviyyata maliksiniz. Sağlam mənəviyyat isə Azərbaycanın müstəqilliyinə sədaqət, Azərbaycan dövlətinə sədaqət, Azərbaycan xalqının bu gününə və gələcəyinə sədaqət, millətimizə sədaqət deməkdir”.
Ali Məclisin Sədri kursantlara tövsiyələrini verərək demişdir ki, siz ulu öndəri­mizin adını daşıyan Hərbi Liseydə təhsil alaraq, dahi şəxsiyyətin ordu quruculuğu işinin bir parçası olan hərbi təhsil sistemini mənimsəyərək hərbi peşəyə yiyələnirsiniz. Özünü bu şərəfli işə, hərbi peşəyə həsr etmək yolunu seçən hər bir kursantın qarşısında mühüm vəzifələr dayanır. Siz təhsil aldığınız ali hərbi məktəblərdə və xidmət edəcəyiniz hərbi hissələrdə nümunə olmalısınız. Milli Ordumuzun zabiti kimi ulu öndərimizin bizə əmanət etdiyi dövlət müstəqilliyimizi, qüdrətli və çiçəklənən Azərbaycanımızı şərəflə qorumaq və keşiyini çəkmək qarşınızda duran bir nömrəli vəzifə olmalıdır. Bunun üçün siz fiziki cəhətdən sağlam, savadlı və yetkin gənclər kimi yetişməlisiniz. Vətənə və dövlətə, ümummilli liderimizin ideyalarına və Ali Baş Komandana sədaqətli olmalısınız. Gələcəkdə harada xidmət etməyinizdən asılı olmayaraq, torpaqlarımızı göz bəbəyi kimi qorumalı, Azərbaycan Silahlı Qüvvələrinin zabiti şərəfini uca tutmalısınız. Unutmamalısınız ki, Vətənimiz Azərbaycanın müdafiə qabiliyyətinin artırılması gələcəyin zabitləri kimi sizin əsas borcunuzdur. Sizə böyük ümidlər bəsləyirik. Əmin olduğumuzu bildirmək istəyirik ki, bundan sonra ali hərbi məktəblərdə və Azərbaycan Ordusunda öz xidməti vəzifələrinizi layiqincə yerinə yetirəcək, Heydər Əliyev adına Hərbi Liseyin məzunu adını şərəflə qoruyacaqsınız.
Ali Məclisin Sədri hərbi təhsildə və xidmətdə kursantlara uğurlar arzulamış, liseyin əlaçı kursantlarına attestatları təqdim etmiş, onları və Hərbi Liseyin bir sıra zabit və müəllimlərini qiymətli hədiyyələrlə mükafatlandırmışdır.
Kursant Eltun Əsədov təhsil ocağının rəmzi kötüyünə xatirə lövhəsi vurmuş, orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilmiş, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçmişdir.
Ali Məclisin Sədri valideynlərlə söhbət etmiş, kursantlarla, Hərbi Liseyin müəllim və zabitləri ilə xatirə şəkli çəkdirmiş, Hərbi Liseydə tədrisin keyfiyyəti və xidmətin təşkili ilə maraqlanmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR