İyunun 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Qurtuluş Gününün 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Ali Məclisin Sədri Milli Qurtuluş Gününün 20-ci ildönümünün qeyd olunduğunu bildirmiş, bu münasibətlə xalqımızı, bütün muxtar respublika əhalisini təbrik edərək demişdir: “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq. Bu bayram bizim üçün bir də ona görə müqəddəsdir ki, o, ulu öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndərin 1969-cu ildə ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır. Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Bu mərhələni bir daha göz önünə gətirərək möhtərəm Heydər Əliyevin millət və Vətən qarşısındakı müstəsna xidmətlərini və əziz xatirəsini dərin ehtiramla yad edirik”.
Ali Məclisin Sədri demişdir ki, milli qurtuluşumuzun bir yaradıcısı var: O – bütün varlığı ilə mənsub olduğu xalqı sevən, millət, xalq mənafeyini hər şeydən üstün tutan, Azərbaycan naminə mübarizəni həyatının mənasına çevirən, daim azərbaycanlı olması ilə fəxr edən ulu öndər Heydər Əliyevdir! Azərbaycan xalqı xoşbəxtdir ki, həyatının ən ağır dövründə siyasi hakimiyyətin sükanı arxasında Heydər Əliyev kimi güclü iradəyə malik dövlət xadimi dayanmışdı. 20 il əvvəl, Naxçıvan şəhərinin baş meydanında muxtar respublika əhalisi möhtərəm Heydər Əliyevi Bakıya yola salarkən O, böyük şəxsiyyətlərə, milli liderə xas olan siyasi iradə göstərərək bəyan etdi ki: “Xalq mənə ümid bəsləyir. Mən bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqıma bağışlayıram və ona qurban verməyə hazıram”. Qurtuluş Günü belə yarandı. Bu qətiyyət, xalqımızın böyük oğlunun inanılmaz fədakarlığı olmasaydı, Qurtuluş Günü də olmayacaqdı. Qurtuluş Günü olmasaydı, indi Azərbaycan adlı müstəqil dövlət də olmayacaqdı.
Qədim yunan filosofu Aristotel “Politika” əsərində yazırdı ki, xalqın inamı siyasətdə uğuru təmin edən mühüm amildir. 20 il bundan əvvəl siyasi tariximizdə baş verən Milli Qurtuluş hərəkatının uğuru xalqın ulu öndər Heydər Əliyevə olan inamına bağlıdır. Bu tarixə qədər Azərbaycana rəhbərlik edənlər xalqın inamını qazana bilməmişdilər. Onlar hakimiyyətə gəlmək üçün 9 xarici dövlətlə sövdələşdiklərini gizlətmir, xalqın mənafeyini müdafiə etmək əvəzinə ayrı-ayrı dövlətlərin mənafeyini müdafiə edirdilər. Təsadüfi deyil ki, xalqın dəstəyini qazanmadığına görə bu hakimiyyətlər siyasi səhnədə uzun müddət davam gətirə bilmədilər. Bundan fərqli olaraq, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin əsl səbəbkarı Azərbaycan xalqıdır. Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə olan böyük inamı nəticəsində Milli Qurtuluş Günü reallığa çevrildi. Tarixi proseslərin gedişi sübut etdi ki, Milli Qurtuluş Günü Heydər Əliyev şəxsiyyətinin, siyasi fəaliyyətinin və xilasedici gücünün konkret zaman kəsiyində əyani ifadəsidir.
Ali Məclisin Sədri filosofların “rəhbərlər hakimiyyətlərinin, liderlər isə ölkələrinin və xalqlarının gələcəyini düşünürlər” fikrini xatırladaraq demişdir: “Dahi Heydər Əliyev ona görə ümummilli liderdir ki, xalqının ağır günündə onun səsini eşitdi, Azərbaycanın xilası naminə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycanın yeni tarixinin yaradıcısı kimi Heydər Əliyevin adını xalqımızın xilaskarı simvoluna çevirdi. Xalq-Heydər Əliyev, Heydər Əliyev-xalq birliyinin sarsılmazlığı dövlətimizin müstəqilliyinə əbədi təminat verdi. Hələ sağlığında möhtərəm Heydər Əliyevin xalqın ümummilli lideri adını qazanmasının kökündə də məhz bu amil – xalqın öz liderinə dərin inamı və məhəbbəti, liderin isə mənsub olduğu xalqın yolunda hər cür fədakarlığa hazır olması və xalqa olan sonsuz məhəbbəti dayanırdı.Ümummilli liderimizin bu fədakarlığı sayəsində 1993-cü ildə Azərbaycanın əldən getməkdə olan dövlət müstəqilliyi qorunub saxlandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev bununla bağlı demişdir: “1993-cü ildə yaşanan böhran, əslində, gənc Azərbaycan Respublikasının müstəqilliyinə son qoya bilərdi. Biz bu acı tarixi artıq bir dəfə – 1920-ci ildə yaşamışdıq. O vaxt da cəmi iki il ərzində Azərbaycan müstəqil respublika kimi yaşaya bildi, ondan sonra süqut etdi. 1993-cü ildə eyni vəziyyət təkrarlana bilərdi. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində bunun qarşısı alındı, ölkə inkişaf etməyə başladı”.
“1993-cü ilin 15 iyununa qədər Azərbaycan formal olaraq müstəqil dövlət idisə, həmin tarixdən sonra real müstəqilliyin əsası qoyuldu. 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, siyasi hərc-mərclik, vətəndaş qarşıdurması hökm sürürdüsə, həmin tarixdən sonrakı dövr ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi ilə xarakterizə edilir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, 1993-cü ildən sonra Azərbaycanın inkişafı göz qabağındadır. Əgər o vaxt Azərbaycanda xaos hökm sürürdüsə, bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idisə, bu gün Azərbaycanda əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdısa, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycanda total böhran hökm sürürdüsə, bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilmişdir.
Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bu davamlı inkişafa nəyin hesabına nail olub? O hesaba nail olub ki, ölkəmizdə Heydər Əliyev yolu, Heydər Əliyev quruculuq xətti dövlət başçısı hörmətli İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasi xəttə, seçilən yola sədaqət Azərbaycanımızı hərtərəfli inkişaf və tərəqqi yoluna çıxarmışdır. Zaman keçdikcə bu nailiyyətlər daha da artacaq. Çünki Azərbaycan düz yolla, haqq-ədalət yolu ilə, Heydər Əliyev yolu ilə gedir. Bu yol Azərbaycanı daha firavan həyata, işıqlı sabahlara aparır.
Ali Məclisin Sədri bu yolda hər kəsə uğurlar arzulamış, çıxışını Prezident İlham Əliyevin “Müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev sevgisini qəlbində yaşadır və yaşadacaqdır” fikirləri ilə tamamlamışdır.
Sonra yazıçı-dramaturq Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” pyesi əsasında hazırlanmış tamaşaya baxış olmuşdur.
Ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi, Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəmizi düşdüyü bəlalardan xilas etməsi tamaşanın əsas süjet xəttini təşkil edir. Həmin dövrdə ulu öndərimizin apardığı mübarizə xalq qəhrəmanı Koroğlunun timsalında böyük məharətlə uzlaşdırılmışdır. Ölkəmizin bir tərəfdən erməni hücumlarına məruz qalması, digər tərəfdən daxili çəkişmələr nəticəsində baş verən siyasi özbaşınalıq tamaşada öz səhnə həllini tapmışdır. Koroğlunun apardığı mübarizə ölkəni düşdüyü çətinliklərdən xilas edir, dövlət müstəqilliyimiz qorunur, torpaqlarımızın işğal olunmasının qarşısı alınır. Tamaşada ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində hərtərəfli inkişafa nail olunması öz əksini tapmışdır.
Tamaşadan sonra səhnə arxasına keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Koroğlunun Çənlibelə qayıdışı” pyesinin uğurla səhnəyə qoyulması münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik edərək demişdir: “1993-cü ilin 15 iyun tarixi ölkəmizdə təkcə bayram günü deyil. Bu gün milli dövlətçiliyimizin əsasının qoyulduğu tarixdir. Milli dövlətçiliyimizin əsası XX əsrdə iki dəfə – 1918-ci ilin 28 mayında və 1993-cü ilin 15 iyununda qoyulmuşdur. Əsrin əvvəllərində müstəqilliyimiz cəmi 2 il yaşadı. Lakin əsrin sonunda – 1993-cü ilin 15 iyununda əsası qoyulan milli dövlətçiliyimiz artıq 20 ildir ki, yaşayır. Çünki bu dövlətçiliyin əsasını xalqımıza, Vətəninə qəlbən bağlı olan böyük şəxsiyyət, varlığı və canı qədər sevdiyi Azərbaycanı həmişə uca tutan ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Ötən 20 il Azərbaycan üçün çox uğurlu olmuşdur. Bu gün xalqımızın müstəqillik şəraitində yaşamasına, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə ulu öndər Heydər Əliyevə borcluyuq. Ona görə də 15 İyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün müqəddəs bayramdır”.
Ali Məclisin Sədri uğurlu tamaşaya görə kollektivə təşəkkürünü bildirmiş, onları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti