05 Yanvar 2025, Bazar

1993-cü il iyunun 15-də xalqımız öz nicatını Naxçıvandan başlanan Qurtuluşda – ümummilli lider Heydər Əliyevin böyük siyasətə qayıdışında tapmışdır. Hər il olduğu kimi, bu il də muxtar respublikamızda Milli Qurtuluş Günü yeni sosial obyektlərin istifadəyə verilməsi ilə qeyd edilir.

İyunun 12-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva demişdir ki, muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılır, rəssamların yaradıcılıq imkanları artırılır, onlar müvafiq iş və emalatxana ilə təmin olunurlar. Həmçinin Azərbaycan boyakarlıq sənətinin klassik və müasir nümayəndələrinin albom-kataloqları hazırlanıb nəşr olunur. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyi keçirilmiş, Rəssamlar Birliyinin rəsmi internet saytı yaradılmış, birliyin gənclər bölməsi təşkil edilmişdir. Ülviyyə Həmzəyeva muxtar respublikada rəssamlığın inkişafına göstərilən qayğıya görə rəssamlar adından minnətdarlıq etmiş, bundan sonra da muxtar respublikanın müasir quruculuq salnaməsinin gələcək nəsillərə çatdırılması istiqamətində səylə çalışacaqlarını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin inzibati binasının və Bəhruz Kəngərli adına Sərgi Salonunun istifadəyə verilməsini muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: “Tarixən Naxçıvanda rəssamlıq sənətinə böyük maraq olmuşdur. XII əsrdən başlayaraq Əcəmi Naxçıvani tərəfindən əsası qoyulan memarlıq məktəbinin təsiri altında memarlar, rəssamlar və digər dekorativ tətbiqi sənət ustaları yetişmiş, Naxçıvan məktəbi yaradılmışdır”.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Bütün rəssamlarımızın əsərlərinə qayğı ilə yanaşmalıyıq və gözəl əsərlər yaratmaları üçün şəraiti təmin etməliyik” fikrini xatırladaraq demişdir: “Ümummilli liderimizin tövsiyələri muxtar respublikamızda uğurla həyata keçirilir, rəssamlar üçün lazımi iş şəraiti yaradılır, emalatxanalar və sərgi salonu istifadəyə verilir. Bu gün istifadəyə verilən bu bina da naxçıvanlı rəssamların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradacaqdır”.
“Zəngin ənənələri olan Naxçıvan sənətkar­lıq məktəbi böyük rəssamlar, memarlar və sənətkarlar yetişdirib”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu məktəbin ən böyük nümayəndəsi XII əsrdə yaşamış memar Əcəmi Naxçıvani olmuşdur. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının əsasını qoymuş Bəhruz Kəngərli, mərhum rəssamlardan Şəmil Qazıyev, Mircəlil Seyidov və digər görkəmli sənətkarlar bu məktəbin yetirmələridir. Bu sənətkarlar Naxçıvan rəssamlıq məktəbinin yaradılmasında və onun zənginləşdirilməsində mühüm rol oynamışlar. Memar Əcəmi rəssamlığın naxış formasını, Bəhruz Kəngərli realist boyakarlığı, Şəmil Qazıyev Naxçıvan tarixi abidələri silsiləsini, Mircəlil Seyidov abstrakt rəssamlığın ən gözəl nümunələrini yaratmışlar. Bəhruz Kəngərlinin, Şəmil Qazıyevin tablolarında öz əksini tapan tarixi abidələrin bir çoxu bu gün yoxdur.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan torpağı öz təbii zənginliyi ilə rəssamlıq akademiyası, rəssamlarımız üçün açıq səma altında məktəbdir. Naxçıvan təbiətinin rəngarəngliyi rəssamlarımıza seçim etməkdə çətinlik yaratmır. Müxtəlif janrlarda əsərlər yaradan rəssamlar üçün Naxçıvanda hər cür şərait vardır. Bütün bunlar da muxtar respublikamızda qədim sənət növləri olan oyma, döymə, tikmə və bir çox digər sənətkarlıq sahələrinin də tarixən formalaşmasına və inkişafına səbəb olmuşdur”.
Ali Məclisin Sədri demişdir ki, 1971-ci ildə ulu öndərimiz Heydər Əliyevin himayəsi ilə yaradılan Naxçıvan Rəssamlar Təşkilatı da 90-cı illərin dağıdıcılıq prosesləri nəticəsində fəaliyyətini tamamilə dayandırmışdı. Lakin ümummilli liderimiz Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi, rəssamlıq da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2000-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılmışdır. Hazırda muxtar respublikada 10 məktəbdənkənar müəssisədə və 3 uşaq incəsənət məktəbində 38 rəsm dərnəyi fəaliyyət göstərir. Bu dərnəklərdə 400-ə yaxın şagird rəssamlığın sirlərini öyrənir. Eyni zamanda Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda “Memarlıq” və “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə ali təhsilli gənc kadrlar hazırlanır. Artıq bu ixtisaslar üzrə, ümumilikdə, 300-ə yaxın tələbə təhsil alır. Bu da muxtar respublikamızda rəssamlıq, memarlıq və təsviri sənətin digər sahələrində varisliyin davam etdirilməsini təmin edir.
Ali Məclisin Sədri demişdir: “Bu gün muxtar respublikada döymə, oyma və tikmə sahəsində fəaliyyət göstərən sənətkarlar da yüksək səviyyəli əsərlər yaradırlar. Bu da muxtar respublikanın mədəni həyatının dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Artıq internet vasitəsilə Naxçıvan sənətkarlarının əsərləri sərgilənir, satışa çıxarılır, naxçıvanlı rəssamlar ölkəmizdə və xaricdə keçirilən sərgilərdə öz əsərlərini nümayiş etdirir, layiqli yerlər tuturlar. Son üç ildə müxtəlif səviyyəli 30 sərgidə naxçıvanlı rəssamların 1300-dən artıq əsəri nümayiş etdirilmişdir”.
Ali Məclisin Sədri rəssamlıq sahəsində qazanılan uğurların bir səbəbinin də bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlı olduğunu bildirərək demişdir ki, bu gün muxtar respublikamızın rəssamlarının istifadəsinə müasir bina, hər cür şəraiti olan emalatxanalar və sərgi salonu verilir. Eyni zamanda onların əsərlərinin satışı üçün müxtəlif yerlərdə mağazalar yaradılmışdır. Muxtar respublikada fəaliyyət göstərən rəssamlardan 1-i Azərbaycan Respublikasının xalq rəssamı, 6-sı Azərbaycan Respublikasının, 6-sı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, 7-si isə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdür. Rəssamların fəaliyyəti üçün yaradılan şərait və əməklərinin qiymətləndirilməsi onların yaradıcılıq imkanlarını daha da artıracaqdır.
Ali Məclisin Sədri naxçıvanlı rəssamların göstərilən qayğıdan lazımi səviyyədə istifadə edəcəklərinə əminliyini bildirmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində 5 iş otağı, ikinci mərtəbədə isə Bəhruz Kəngərli adına Sərgi Salonu yerləşir. Binanın zirzəmisində 9 yaradıcılıq emalatxanası, anbar, bufet və yardımçı otaqlar istifadəyə verilmişdir. Emalatxanalarda rəssamların işləməsi üçün lazımi şərait yaradılmış, molbertlər qoyulmuşdur. İnzibati binanın döşəməsinə və pilləkənlərə muxtar respublikamızda istehsal olunmuş keyfiyyətli mərmər döşənmişdir.
Ali Məclisin Sədri və tədbir iştirakçıları binanın ikinci mərtəbəsində yerləşən Bəhruz Kəngərli adına Sərgi Salonunda naxçıvan­lı rəssamların əsərlərindən ibarət sərgiyə baxmışlar.
Sərgi salonunda pannolar qoyulmuş, əsərlərin vizual effektinin artırılması üçün müa­sir işıqlandırma sistemi quraşdırılmışdır. Burada naxçıvanlı rəssamların 100-ə yaxın əsəri, eləcə də yerli sənətkarların əl işləri nümayiş olunur. Müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini əks etdirir.
Sərgiyə baxışdan sonra rəssamlarla görüşən Ali Məclisin Sədri demişdir ki, muxtar respublikamızda milli-mədəni dəyərlərin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür, müxtəlif sənətkarlıq sahələrinin inkişafına hərtərəfli şərait yaradılır. Rəssamlıq sənətinin inkişafı da diqqət mərkəzində saxlanılır. Çünki rəssamlıq çox çətin və gərgin əmək tələb edən sənətdir. Rəssamlar bu günümüzün tarixini yaradırlar. Onların çəkdikləri hər bir əsər xalqımızın mədəni sərvətidir. Rəsm əsərləri eyni zamanda ölkənin tanıdılmasında, xalqın mədəniyyətinin təbliğ edilməsində mühüm əhəmiyyətə malikdir.
Ali Məclisin Sədri sərgi salonunda rəssamların fərdi sərgilərinin təşkil edilməsi, yaradıcılıq mübadilələrinin aparılması, rəssamların əsərlərindən ibarət albom-kataloqların nəşr edilməsi, ali təhsil müəssisələrində rəssamlıq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə açıq dərslərin keçilməsi və gənc istedadların üzə çıxarılması barədə tapşırıqlar vermişdir.
Binanın fasadı milli memarlıq ənənələri və müasir dizayn elementləri əsasında zövqlə işlənmiş, pəncərələr şəbəkə üslubunda hazırlanmış, işıqlandırma sistemi quraşdırılmış, binanın həyətində geniş abadlıq işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR