İyunun 10-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Tərəqqi”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarının, eləcə də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək demişdir: “Bu gün ölkəmizdə dövlət-xalq, xalq-dövlət birliyi inkişafın əsas hərəkətverici qüvvəsidir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi xətt Azərbaycanı hərtərəfli inkişaf və tərəqqi yoluna çıxarmışdır. Bu yolun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bütün sahələrdə yüksək inkişafa nail olunur, Azərbaycanın siyasi və iqtisadi qüdrəti artır, müstəqilliyimiz daha da möhkəmlənir. Bu gün təltif olunanların əməyinin yüksək qiymətləndirilməsi də ölkəmizdəki sabitliyin və sosial-iqtisadi inkişafın nəticəsidir”.
Ali Məclisin Sədri demişdir: “Bir neçə gündən sonra xalqımız milli dövlətçiliyimizin əsasının qoyulduğu tarixin – Milli Qurtuluş Gününün 20-ci ildönümünü qeyd edəcəkdir. Azərbaycan öz dövlət müstəqilliyini 1991-ci ildə əldə etmişdir. Lakin milli dövlətçiliyimizin yaranması və möhkəmlənməsi, müstəqilliyimizin qorunub-saxlanılması 1993-cü ilin 15 iyun tarixindən başlayır. Həmin tarixdə ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtmış, Azərbaycanın inkişaf və tərəqqisinin əsasını qoymuşdur. Milli Qurtuluş Günündən ötən dövrdə ulu öndərin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz sürətli inkişaf yolu keçmiş, Azərbaycan dünyanın aparıcı dövlətləri sırasında öz layiqli yerini tutmuşdur”.
Ali Məclisin Sədri demişdir ki, bu gün ölkəmizdə bütün sahələr inkişaf edir. Təhsil, səhiyyə və ordu quruculuğu istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, insanların sosial rifahının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, ölkəmizin inkişafında əməyi olanlar dövlətimizin ali mükafatlarına layiq görülürlər. Bu gün orden, medal və fəxri adlarla təltif olunanlar da ölkəmizin inkişafında öz fəaliyyətləri ilə seçilən şəxslərdir. Onların əməyinin yüksək qiymətləndirilməsi dövlətimizin insan amilinə verdiyi dəyərin daha bir ifadəsidir.
Ali Məclisin Sədri təltif olunanları bir daha təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri orden və medalların, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Təltif olunanlardan Salman Fətəliyev, Malik Rzayev, Sərdar Salahov, Əli Adıgözəlov, Şahin Təhməzov, Yusif Cəfərov, Eyvaz Əsgərov, Sucaxan Novruzov, Vəli Ələsgərov və Nazim Bababəyli əməklərinə verilən bu cür yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə etmiş, təqdimat mərasiminin Milli Qurtuluş Günü ərəfəsində keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirmişlər. Təltif olunanlar əldə edilən nailiyyətlərin ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilən Heydər Əliyev siyasi xəttinin nəticəsi olduğunu qeyd etmiş, bundan sonra da ölkəmizin inkişafı və tərrəqqisi naminə səylə çalışacaqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti