2013-cü ilin oktyabrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimovun) anadan olmasının 80 illiyi tamam olur.
1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində anadan olan Məmməd Araz ilk təhsilini həmin kənddə almış, 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmiş, 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur. Azərbaycan Dövlət Nəşriyyatında (“Azərnəşr”) Bədii ədəbiyyat şöbəsinin müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktorun müavini işləmiş, 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmişdir. 1974-cü ildən ömrünün sonuna qədər “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olmuşdur.
Müasir Azərbaycan ədəbiyyatının inkişafında Məmməd Arazın özünəməxsus yeri və rolu vardır. Onun dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik milli poeziyamızı keyfiyyətcə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirmişdir.
Məmməd Arazın gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Məmməd Arazın əsərləri dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının ən yaxşı nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir.
Parlaq istedadı və təkrarolunmaz yaradıcılığı ilə böyük şöhrət qazanan Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuş, adına “Məmməd Araz” ədəbi mükafatı təsis edilmişdir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xalq şairi Məmməd Arazın 80 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunsun.
2. “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 8 iyun 2013-cü il