Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı iclasda çıxış edib.
Prezident İlham Əliyev bildirib ki, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artıb. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artıb. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir.
Birinci rübdə sənaye istehsalının 2 faiz, qeyri-neft sənayesinin isə təxminən 10 faiz artdığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu ilin birinci rübündə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb və hazırda 44,2 milyard dollara bərabərdir.
AZƏRTAC