Təbiətin oyanması Novruzun gəlişi ilə başlayır. Yeni günün, yeni nizamın başlanğıcı olan Novruzun min illərdir qorunub-yaşadılan ənənlərindən biri də bayram günlərində yaz-tarla işlərinin görülməsi, təsərrüfatlarda səliqə-sahman yaradılmasıdır. Təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu adətlər muxtar respublikada bu gün də yaşadılır. Novruz bayramı münasibətilə iməciliklər keçirilir, meyvə bağları və yaşıllıqlar salınır.
Martın 24-də Naxçıvan Muxtar Respublikasında Novruz iməciliyi keçirilmiş, Naxçıvan şəhərində və rayon mərkəzlərində "Gənclər bağı" salınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Naxçıvan-Şərur-Sədərək magistral avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak etmişlər. İməcilik iştirakçıları 2 hektar ərazidə 1500 meyvə tingi əkmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir. Ali Məclisin Sədri meyvə bağlarına və yaşıllıq zolaqlarına düzgün aqrotexniki qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti