Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.
Milli geyimli uşaqlar meydanda rəqs ediblər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğurub.
Bahar qız dövlətimizin başçısına səməni təqdim edib.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gəliblər.
Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının çıxışları maraqla qarşılanıb.
AZƏRTAC