Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyev deyib ki, biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün belədir və həmişə də belə olacaq. Bizi çox dərin əlaqələr bağlayır. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir, iqtisadi sahədə yaxşı nəticələr var. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoyub.
Baş nazir Binəli Yıldırım qeyd edib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Ölkələrimiz arasındakı münasibətlər gündən-günə daha da inkişaf edir. Həm Türkiyədə, həm də Azərbaycanda qarşılıqlı investisiyalarımız, ticarətimiz artır, turizm sahəsində əməkdaşlığımız inkişaf edir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də VI Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
AZƏRTAC