Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçiriləcəyinin önəmi vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Görüşdə, eyni zamanda, Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunulub. Prezident İlham Əliyev bu seçkilərin ədalətli, şəffaf şəkildə keçiriləcəyinə və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
AZƏRTAC