1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi (bundan sonra - Məktəb) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli 107-V FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin bazasında yaradılmış xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsidir.
1.2. Məktəb müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhür, ştamp və blanka malikdir.
1.3. Məktəbin fəaliyyətinin əsas istiqaməti daxili işlər orqanları üçün orta ixtisas təhsilli zabit kadrlar hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdir.
1.4. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsini, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
1.5. Məktəb qanunvericiliyə uyğun olaraq statistik və maliyyə hesabatlarını tərtib edir, fəaliyyətinin nəticələri barədə aidiyyəti üzrə hesabat verir.
1.6. Məktəb Naxçıvan şəhərində yerləşir.
2. Məktəbin fəaliyyətinin əsas istiqamətləri
2.1. Məktəbin fəaliyyətinin əsas istiqamətləri tədris, təlim-tərbiyə və metodiki işlərdən ibarətdir.
2.2. Tədris işi daxili işlər orqanlarında xidmətin tələblərinə uyğun nəzəri və praktik biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik kadrlar hazırlamaqdan, əlavə təhsili və təlim məşğələlərini həyata keçirməkdən, kurs və diplom işlərinə, təcrübi məşğələlərə rəhbərlik etməkdən ibarətdir.
2.3. Təlim-tərbiyə işinin mahiyyəti aşağıdakılardan ibarətdir:
2.3.1. dəyişən heyətə vətənpərvərlik hissləri aşılamaq, onları qanunlara, əsas insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək;
2.3.2. dövlətə, xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə məsuliyyətlə yanaşma, yüksək intizam və mənəviyyat, mətinlik, fiziki dözümlülük və peşəkarlıq keyfiyyətlərini aşılamaq;
2.3.3. nizam-intizamı, səfərbərlik hazırlığını təmin etmək;
2.3.4. dəyişən heyətin milli və ümumbəşəri dəyərlərə yiyələnməsini təmin etmək.
2.4. Metodiki işin əsas formaları aşağıdakılardır:
2.4.1. tədris məşğələlərinin, təlim-tərbiyə işinin aparılması və təminatı üçün tədris-metodiki sənədlərin işlənilməsi;
2.4.2. rəhbər heyətin, müəllim heyətinin pedaqoji ustalıqlarının artırılması, bu məqsədlə müşavirə, konfrans, seminar və metodik məşğələlərin keçirilməsi;
2.4.3. tədris məşğələlərinə nəzarətin təşkili və aparılması;
2.4.4. pedaqoji (metodik) təcrübə keçirilməsi və onun nəticələrinin tədris prosesində tətbiqi;
2.4.5. yerli şəraitdən və imkanlardan asılı olaraq tədris fənləri üçün ayrılan vaxt hesabına tədris-düşərgə toplanışları və əməliyyat təlimləri keçirmək;
2.4.6. dövlət imtahanlarına daxil edilən ixtisas fənlərini müəyyənləşdirmək.
3. Məktəbin vəzifələri və hüquqları
3.1. Məktəbin vəzifələri aşağıdakılardır:
3.1.1. nəzəri və praktik biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik kadrlar hazırlamaq, onların əlavə təhsilini həyata keçirmək;
3.1.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;
3.1.3. təhsilalanların attestasiyasını keçirmək;
3.1.4. təhsil haqqında diplomlar, habelə qanunvericiliyə uyğun olaraq təhsilə dair digər sənədlər vermək;
3.1.5. tədris prosesinin maddi-texniki təminatını həyata keçirmək;
3.1.6. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, dəyişən heyətin intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, peşəkarlıq xüsusiyyətlərini formalaşdırmaq;
3.1.7. xarici dil və kompüter dəstəkli təlimlərin təşkili və keçirilməsini təmin etmək;
3.1.8. Məktəbə ayrılan maliyyə vəsaitinin təyinatı üzrə istifadə olunmasını təmin etmək;
3.1.9. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodiki, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;
3.1.10. dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin etmək;
3.1.11. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
3.2. Məktəb aşağıdakı hüquqlara malikdir:
3.2.1. qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini həyata keçirmək;
3.2.2. tədris-metodiki fəaliyyəti planlaşdırmaq və təşkil etmək;
3.2.3. tədris prosesinin metodiki təminatını təşkil etmək və təkmilləşdirmək;
3.2.4. iclaslar, seminarlar və konfranslar keçirmək;
3.2.5. Məktəbin işçilərinə fəxri adların, digər dövlət təltiflərinin və mükafatların verilməsi üçün Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinə təkliflər vermək;
3.2.6. Məktəbin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.7. Məktəbin fəaliyyətinin təşkili məqsədi ilə öz səlahiyyətləri daxilində aktlar qəbul etmək;
3.2.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
4. Məktəbin strukturu və idarə olunması
4.1. Məktəbin ştat strukturu Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri tərəfindən təsdiq edilir.
4.2. Məktəbin strukturuna rəhbərlik, fənn birləşmə komissiyaları, şöbələr və xidməti bölmələr daxildir.
4.3. Məktəbin rəhbərliyi Məktəbin rəisi və müavinindən ibarətdir.
4.4. Məktəbin rəisi Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən, Məktəbin rəis müavini, orta və böyük rəis heyəti vəzifələrinə daxil olan şəxslər Məktəb rəisinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
4.5. Məktəbin fəaliyyətinə ümumi rəhbərliyi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, bilavasitə rəhbərliyi Məktəbin rəisi həyata keçirir.
4.6. Məktəbin rəisi bütün şəxsi heyətin birbaşa rəisi olmaqla, Məktəbin fəaliyyətini təşkil edir və Məktəbə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların qorunması üçün şəxsən məsuliyyət daşıyır.
4.7. Məktəbin rəisi bu Nizamnamədə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində əmr və göstərişlər verir, Məktəbi təmsil edir.
4.8. Məktəbin rəisi aşağıdakı sahələrə ümumi rəhbərliyi həyata keçirir:
4.8.1. təhsil, təlim-tərbiyə və metodiki fəaliyyət;
4.8.2. müəllim və elmi kadrların, habelə digər işçilərin seçilməsi, yerləşdirilməsi və əlavə təhsili;
4.8.3. səfərbərlik, xidməti və döyüş hazırlığının təmin olunması;
4.8.4. dövlət sirrinin və məxfilik rejiminin qorunması, Məktəbdə daxili təhlükəsizliyin təmin olunması;
4.8.5. Məktəbin Pedaqoji Şurasının və digər məşvərətçi qurumlarının işinin təşkili;
4.8.6. Məktəbin maliyyə-təsərrüfat fəaliyyəti.
4.9. Kadrlarla iş sahəsində Məktəbin rəisi:
4.9.1. səlahiyyəti daxilində sıravi və kiçik rəis heyətinə daxil olan şəxsləri və digər işçiləri işə qəbul və işdən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir, rütbələr verir;
4.9.2. daxili işlər orqanlarından, eləcə də digər idarə, müəssisə və təşkilatlardan təhsil və təsərrüfat işlərinə saathesabı və müqavilə ödənişi şərtləri ilə mütəxəssis və müəllim cəlb edir;
4.9.3. Məktəbin şəxsi heyətinin attestasiyasını keçirir;
4.9.4. orta və böyük rəis heyətinə daxil olan şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir.
4.10. Məktəbin rəis müavininin vəzifələrini Məktəbin rəisi müəyyən edir.
4.11. Məktəbin rəis müavini ona həvalə olunmuş sahələrdə işin vəziyyətinə görə məsuliyyət daşıyır.
4.12. Məktəbdə təlim-tədris və tədris-metodiki işi təhsil qanunvericiliyi və digər normativ hüquqi aktlara uyğun təşkil edilir.
4.13. Məktəbin fəaliyyətinin mühüm məsələlərinin müzakirəsi üçün Məktəbin Pedaqoji Şurası (bundan sonra - Pedaqoji Şura) yaradılır.
4.14. Pedaqoji Şuranın tərkibi Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri tərəfindən təsdiq edilir. Pedaqoji Şuranın tərkibinə tutduqları vəzifələrə görə Məktəbin rəisi (Pedaqoji Şuranın sədri), rəis müavini, aparıcı fənn birləşmə komissiyalarının, tədris şöbələrinin, kadrlar xidmətinin və kursların rəisləri daxildir.
4.15. Pedaqoji Şuranın sədr müavini və katibi Pedaqoji Şuranın tərkibindən seçilir.
4.16. Pedaqoji Şuranın fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun təşkil edilir. Pedaqoji Şura ictimai əsaslarla fəaliyyət göstərir.
4.17. Pedaqoji Şuranın qərarları Məktəb rəisinin əmrləri ilə təsdiq olunur.
5. Məktəbə qəbul
5.1. Məktəbə qəbul planı dövlət sifarişi ilə Məktəbin və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin təklifləri əsasında müəyyənləşdirilir.
5.2. Məktəbə qəbul biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
5.3. Məktəbə daxili işlər orqanlarında azı 1 il xidmət stajına malik, 30 yaşa qədər, sıravi və kiçik rəis heyəti əməkdaşları, habelə ümumi təhsil müəssisələrini bitirmiş, hərbi xidmət keçmiş 30 yaşa qədər, tam orta təhsilli şəxslər qəbul oluna bilərlər.
5.4. Məktəbdə təhsil 2 ildir.
5.5. Məktəbə qəbul Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin əmri ilə təsdiq olunur.
5.6. Məktəbə qəbul edilən şəxslər qanunla müəyyən olunmuş qaydada and içirlər.
6. Məktəbdə tədris işinin təşkili
6.1. Məktəbdə tədris işi tədris planlarına və fənn proqramlarına uyğun təşkil olunur və aparılır. Tədris planı aidiyyəti üzrə razılaşdırılmaqla Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri tərəfindən təsdiq olunur.
6.2. Semestrin müddəti, kursant və dinləyicilərin məcburi auditoriya dərsləri və həftəlik tədris işi orta ixtisas təhsilinin dövlət standartlarına müvafiq olaraq müəyyən edilir.
6.3. Məktəbdə tədris Azərbaycan dilində aparılır.
6.4. Məktəbin tədris məşğələlərinə mühazirə, seminar, praktiki məşğələ, təlim, məsləhət saatı və müstəqil hazırlıq saatı daxildir. Ayrı-ayrı fənlər üzrə nəzəri (elmi-praktik) konfranslar və digər məşğələlər keçirilə bilər.
7. Daimi və dəyişən heyət
7.1. Məktəbin şəxsi heyəti daimi və dəyişən heyətdən ibarətdir.
7.2. Daimi heyət rəhbərlik, müəllim və vəzifələri təşkilati-ştat əmri ilə təsdiq edilmiş digər polis əməkdaşlarından və mülki şəxslərdən ibarətdir.
7.3. Daimi heyətdən olan əməkdaşların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunur.
7.4. Müəllim heyəti vəzifələrinə yüksək peşə hazırlığına, sağlamlıq və mənəvi keyfiyyətlərinə görə dərs demək bacarığına malik polis əməkdaşları və mülki şəxslər təyin olunur.
7.5. Müəllim heyəti vəzifələrinə təyinat zamanı elmi ada və elmi dərəcəyə, vəzifənin profilinə uyğun ali təhsilə, pedaqoji təcrübəyə və iş stajına malik şəxslərə üstünlük verilir.
7.6. Tədris, təlim-tərbiyə, metodiki işlər fənn birləşmə komissiyalarının planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında Məktəbin müəllim heyəti tərəfindən həyata keçirilir.
7.7. Pedaqoji işçilərə fəxri adların verilməsi qanunvericiliyə uyğun olaraq tənzimlənir.
7.8. Müəllim heyətinə əmək intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada tətbiq edilir.
7.9. Dinləyicilərin əlavə təhsil alması müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
7.10. Məktəbin dəyişən heyətinə Məktəbdə təhsil alan şəxslər aid edilir. Xidmət mövqeyinə görə dəyişən heyət kursantlara və dinləyicilərə bölünür.
7.11. Kursantlar - orta ixtisas təhsili almaq məqsədi ilə Məktəbə qəbul olunmuş şəxslərdir. Dinləyicilər - Məktəbdə əlavə təhsil alan daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti əməkdaşlarıdır.
7.12. Dəyişən heyətin tərkibinə daxil olan şəxslər xidmətdə hesab edilirlər və onlara daxili işlər orqanları əməkdaşlarının müvafiq kateqoriyaları üçün müəyyən edilmiş hüquq və güzəştlər şamil olunur.
7.13. Dəyişən heyətin tərkibinə daxil olan şəxslərin pul, geyim, ərzaq və yaşayış yeri (yataqxana, kazarma) təminatı dövlət tərəfindən həyata keçirilir.
7.14. Dəyişən heyətin təhsil müddəti dövründə hüquq və vəzifələri müvafiq normativ hüquqi aktlarla müəyyən olunur.
7.15. Taqım komandirinin müavini, tədris qruplarının, manqaların komandirləri Məktəb rəisinin əmri ilə həmin kursun kursantlarından təyin olunur.
7.16. Dəyişən heyətdən olan şəxslər təhsildə və təlimdə əldə etdikləri yüksək göstəricilərə, məktəbin ictimai işlərində fəal iştiraka və xidməti borcun nümunəvi yerinə yetirilməsinə görə müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada həvəsləndirilirlər.
7.17. Məktəbdə təhsil alanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, o cümlədən adlı təqaüdlər və yardımlar verilir.
7.18. İntizamı pozduqlarına görə dəyişən heyətdən olan şəxslərə intizam tənbehi tədbirləri tətbiq edilir.
7.19. Dəyişən heyətdən olan şəxslər Məktəbdən aşağıdakı hallarda xaric edilirlər:
7.19.1. öz arzusu ilə;
7.19.2. digər təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar;
7.19.3. səhhətinə görə (xüsusi həkim komissiyasının qərarına əsasən);
7.19.4. təhsildə müvəffəqiyyətsizliyə görə;
7.19.5. Məktəbin daxili nizam qaydalarını kobud şəkildə və dəfələrlə pozduğuna görə;
7.19.6. qanunla daxili işlər orqanlarının əməkdaşları üçün müəyyən olunmuş tələblərə uyğun olmaması ilə əlaqədar.
7.20. Dəyişən heyətdən olan şəxsin digər təhsil proqramına və ya orta ixtisas təhsili müəssisəsinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət alması və bərpa olunması məsələləri qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir. Polis əməkdaşlarının Məktəbdən xaric edilməsi və ya Məktəbə bərpa olunması Məktəbin rəisinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin əmri ilə həyata keçirilir.
7.21. Kursantların digər orta ixtisas təhsil müəssisələrinə keçirilməsinə yeni dərs ilinin başlanmasına qədər icazə verilir.
7.22. Dövlət imtahanlarını vermiş kursantlara Məktəbdə yaradılan Dövlət Attestasiya Komissiyasının qərarı ilə alınmış peşəyə uyğun olaraq ixtisas verilir, onlara diplom və döş nişanı təqdim olunur. Əlavə təhsilə cəlb olunmuş sıravi və kiçik rəis heyəti əməkdaşlarına müvafiq sertifikat verilir.
7.23. Məktəbi bitirmiş kursantlara “polis kiçik leytenantı” xüsusi rütbəsi verilir.
8. Maliyyə-təsərrüfat fəaliyyəti
8.1. Məktəb dövlət büdcəsinin vəsaitləri və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
8.2. Məktəbin maddi-tədris bazası müəyyən olunmuş ixtisaslar üzrə tədris planlarına, proqramlarına və müasir tədris metodikasına uyğun olaraq kursantların və dinləyicilərin hazırlığını təmin etmək üçün nəzərdə tutulmuş maddi və texniki vasitələr kompleksidir.
8.3. Məktəbin maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, silah və texnika, tədris əmlakı, tədrisin texniki vasitələri, tədris-metodiki materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, avadanlıqlar və digər obyektlər, habelə başqa qiymətli maddi-texniki təchizat vasitələri təşkil edir.
8.4. Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin razılığı olmadan Məktəb tərəfindən istifadə edilən bina və qurğuların, torpaq sahələrinin xidməti təyinatının dəyişdirilməsinə icazə verilmir.
8.5. Məktəbin maddi-tədris bazasının inkişafı və təkmilləşdirilməsi Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri tərəfindən təsdiq edilən perspektiv planlar və Məktəbin rəisi tərəfindən təsdiqlənən illik planlar əsasında həyata keçirilir.
8.6. Məktəb əmlakın, pul vəsaitlərinin vəziyyəti və istifadə edilməsi barədə aidiyyəti üzrə hesabat verir, cari mühasibat uçotunu həyata keçirir.
9. Məktəbin yenidən təşkili və ləğvi
Məktəbin yenidən təşkili və ləğvi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilir.