Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.
Adel İbrahim Ahmed İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və bu ölkə ilə daha yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına önəm verdiyini deyib. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Misirin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək nümayiş etdirdiklərini vurğulayıb. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün iqtisadi sahədə daha çox işlərin görülməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə böyük imkanların mövcud olduğunu bildirib.
AZƏRTAC