Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.
Anım mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzüblər.
* * *
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib.
Müsahibə fevralın 26-da telekanalın Xocalı soyqırımı ilə əlaqədar efirə gedən reportajında yer alıb.
AZƏRTAC