Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 14 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Naxçıvan Muxtar Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, avtomobil yollarının (bundan sonra - avtomobil yolları), habelə körpülərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə avtomobil yolu infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentliyin müstəqil balansı, sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştamp və blankı vardır.
1.5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Agentlik Naxçıvan şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahənin inkişafını təmin edir;
2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.1.3. müvafiq sahəyə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir;
2.1.4. avtomobil yolları şəbəkəsini inkişaf etdirir və yol qurğularının qorunub saxlanılmasını təmin edir;
2.1.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3. Agentliyin vəzifələri
3.1. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. müvafiq sahə üzrə dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. yol təsərrüfatında vahid texniki, maliyyə, kredit və məqsədli investisiya siyasətinin əsaslarının işlənilib hazırlanmasında iştirak etmək;
3.1.3. müvafiq sahənin inkişaf etdirilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına təqdim etmək;
3.1.4. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik normalarının tələblərinə riayət edilməsini, habelə ekologiyanın və əhalinin sağlamlığının mühafizəsi tələblərinin yerinə yetirilməsini təmin etmək;
3.1.5. avtomobil yollarının torpaq sahəsində qoruyucu meşə zolaqlarının və digər yaşıllıq sahələrinin salınması, bərpası, mühafizəsi məqsədi ilə tədbirlər görmək;
3.1.6. avtomobil yollarının torpaq sahələrində inşa edilmiş qanunsuz tikili və qurğuların inşasının qarşısının alınması ilə bağlı şəhərsalma və tikinti qanunvericiliyinə uyğun tədbirlər görmək;
3.1.7. avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında xüsusi istifadə rejimini təmin etmək;
3.1.8. Agentliyin səfərbərlik və mülki müdafiə hazırlığını təmin etmək;
3.1.9. Agentliyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.10. yol təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi üzrə tədbirlər görmək, ondan səmərəli istifadə olunmasını təmin etmək;
3.1.11. fəaliyyət istiqamətlərinə uyğun, yol təsərrüfatı üçün zəruri olan xammalın və materialların istehsalını və satışını həyata keçirmək;
3.1.12. avtomobil yolları, habelə körpülər və digər yol qurğuları üzərindən müvafiq mühəndis kommunikasiyalarının çəkilməsinə razılıq vermək;
3.1.13. muxtar respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının siyahısında dəyişikliklər edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;
3.1.14. təbii fəlakət və fövqəladə hallar zamanı hərəkətin müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmış avtomobil yolları barədə aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırmaq;
3.1.15. təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə avtomobil yollarının və yol qurğularının bərpası üzrə işləri həyata keçirmək;
3.1.16. avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının tikintisi, yenidən qurulması, təmiri və bərpası üzrə layihə və smeta sənədlərinin şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş qaydada ekspertizasının keçirilməsi üçün tədbirlər görmək;
3.1.17. avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərini yerinə yetirmək;
3.1.18. avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının istismara qəbul edilməsi məqsədi ilə tədbirlər görmək;
3.1.19. qorunma (mühafizə) zolaqlarının hüdudlarının işarələnməsini həyata keçirmək;
3.1.20. yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrinin tikilməsi, yenidən qurulması və təmiri işlərinin görülməsi üçün texniki şərtlər vermək və ona nəzarəti həyata keçirmək;
3.1.21. avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının tikintisi və yenidən qurulması ilə əlaqədar layihələrin həyata keçirilməsi üçün layihəçi və podratçı təşkilatların seçilməsi məqsədi ilə keçirilən tenderlərdə (müsabiqələrdə) müvafiq qanunvericiliyə uyğun olaraq iştirak etmək;
3.1.22. avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının tikintisi, bərpası, təmiri və yenidən qurulması ilə əlaqədar layihələrin həyata keçirilməsi zamanı texniki və müəllif nəzarətini həyata keçirmək;
3.1.23. körpülərin və digər yol qurğularının texniki sınağını keçirmək, habelə texniki sınağın keçirilməsi məqsədi ilə ixtisaslaşdırılmış müəssisələrin cəlb olunması üçün tədbirlər görmək;
3.1.24. avtomobil yollarının, körpülərin və digər yol qurğularının texniki pasportunu tərtib etmək;
3.1.25. avtomobil yollarında istifadə olunan materialların, cihazların və avadanlıqların uyğunluğunu qiymətləndirən qurumlardan sənədlərin alınmasını təşkil etmək;
3.1.26. Agentliyin işçilərinin sosial müdafiəsini, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi tədbirlərini həyata keçirmək;
3.1.27. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmaq;
3.1.28. Agentliyin informasiya təminatını və onun təhlükəsizliyini təşkil etmək;
3.1.29. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.30. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Agentliyin hüquqları
4.1. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. müvafiq sahəni tənzimləyən hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
4.1.2. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq;
4.1.3. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.1.4. istifadəsində olan əmlak barəsində qanunla nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
4.1.5. yol infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə bu sahədə qabaqcıl təcrübəni öyrənmək, qanunla müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq qurumları və təşkilatları ilə əməkdaşlıq etmək;
4.1.6. işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ixtisasartırma və digər istiqamətlərdə təlimlər təşkil etmək;
4.1.7. dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə öz fəaliyyət istiqamətlərinə aid məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;
4.1.8. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Agentliyin fəaliyyətinin təşkili
5.1. Agentliyin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.2. Agentliyin strukturu və işçilərinin say həddi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müəyyən edilir.
5.3. Agentliyin direktorunun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Agentliyin direktorunun müavini Agentliyin direktoru tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Agentliyin direktoru:
5.4.1. Agentliyin fəaliyyətini təşkil edir;
5.4.2. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını, Agentliyin aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların əsasnamələrini təsdiq edir;
5.4.3. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
5.4.4. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.4.5. Agentliyi vəkalətnaməsiz təmsil edir;
5.4.6. Agentliyin işçilərini qanunvericiliyə müvafiq olaraq vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərini tətbiq edir;
5.4.7. Agentliyin fəaliyyəti barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mütəmadi olaraq hesabatlar və məlumatlar verir;
5.4.8. Agentliyin maliyyə vəsaitləri və əmlakı barəsində sərəncam verir;
5.4.9. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
5.5. Agentlikdə Agentliyin direktorundan (kollegiyanın sədri), onun müavinindən, habelə Agentliyin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Kollegiya üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.6. Agentliyin kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir. Kollegiyanın iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
5.7. Agentliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Agentliyin direktoru bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Kollegiyanın üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
5.8. Zəruri hallarda Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, habelə yol kompleksinin nümayəndələri dəvət edilə bilərlər.