Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirib. Dövlətimizin başçısı bu layihənin yaxın zamanlarda reallaşacağından məmnunluğunu ifadə edərək Məşvərət Şurasının sabah keçiriləcək iclasının görülən işlər və qarşıda duran planların müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb.
ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio ABŞ Prezidentinin, Dövlət katibinin, ABŞ hökumətinin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğulayıb və bu layihənin başa çatmaqda olmasının önəmini qeyd edib.
* * *
Prezident İlham Əliyev fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.
AZƏRTAC