10 Yanvar 2025, Cümə

Fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək demişdir ki, həyata keçirilən tədbirlər muxtar respublikanın iqtisadi potensialının artmasına, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına şərait yaratmışdır. Ümumi daxili məhsulun həcmi artaraq 2017-ci ildə 2 milyard 701 milyon 663 min manat təşkil etmişdir. Sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmış, muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 60 layihə üzrə istehsal və xidmət obyektləri fəaliyyətə başlamışdır. Kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətinə çevrilmişdir. Rayon və kənd yerlərində kiçik həcmli təsərrüfatların yaradılması və fəaliyyətinin təşviqi tədbirləri ötən müddətdə də davam etdirilmiş, fərdi müəssisə və təsərrüfatların sayı 714-ə çatdırılmışdır. Əhalinin ərzaq təminatında ailə təsərrüfatlarının mühüm rolu nəzərə alınaraq 2017-ci ildə muxtar respublikada “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmiş, ailə təsərrüfatı məhsulları üçün taraların satışı mağazası istifadəyə verilmiş, 386 ailə təsərrüfatından 234 min manat dəyərində məhsullar satın alınmış və 13 təsərrüfata 243 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. 2017-ci ildə sahibkarlara 10 milyon manatdan çox kreditlər verilmiş, ölkə daxilində və xaricdə kеçirilən 33 tədbirdə 150 sahibkarın iştirakı təmin olunmuşdur. Famil Seyidov özəl bölmənin inkişafı üçün yaradılan şəraitə görə muxtar respublika sahibkarları adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev demişdir ki, aqrar sektorda həyata keçirilən islahatlar muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaratmışdır. Göstərilən dövlət qayğısı nəticəsində 2017-ci ildə muxtar respublika üzrə 61 min 531 hektar sahədə əkin aparılmış, sahələrdən 93 min 419 ton taxıl, 6697 ton paxlalılar, 12 min 573 ton dən üçün qarğıdalı, 750 ton dən üçün günəbaxan, 48 min 982 ton kartof, 84 min 723 ton tərəvəz, 38 min 349 ton bostan, 53 min tondan artıq meyvə, 15906 ton üzüm toplanmışdır. Muxtar respublikada suvarma sistemlərinin yeniləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində son illər Culfa, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 3000 hektar sahədə qapalı suvarma şəbəkələri tikilərək istifadəyə verilmişdir. Sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchizatı məqsədilə ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2054 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmiş, onlardan 1752-si lizinq və ya nağd satış yolu ilə sahibkarlara verilmişdir. Hazırda muxtar respublikada 23 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Aparılan məqsədyönlü işlər nəticəsində muxtar respublikada iribuynuzlu malların sayı 112 min 371 başa, xırdabuynuzlu heyvanların sayı 681 min 903 başa, quşların sayı 1 milyon 277 min 741 başa, arı ailələrinin sayı isə 71 min 66-ya çatdırılmışdır. Hazırda muxtar respublikada 3 ət, 13 süd, 1 gön-dəri emalı, 1 balıq konservi, 1 yem istehsalı müəssisəsi və 3 yem sexi fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov demişdir ki, muxtar respublikada sahibkarlığın inkişafı sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq müasir istehsal və emal müəssisələri istifadəyə verilmiş, qabaqcıl texnologiyaların muxtar respublikaya gətirilməsi və tətbiqinə şərait yaradılmışdır. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı da yaradılan şəraitdən istifadə edərək fəaliyyətini genişləndirmişdir. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı ticarət-kommersiya fəaliyyəti, ərzaq və qeyri-ərzaq məhsulları istehsalı, sənaye və xidmət sahələri üzrə fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac olunur. 2017-ci ildə şirkətin dam örtükləri və istilik panelləri zavodu və tütün yetişdirmə təsərrüfatı fəaliyyətə başlamış, 210 yеni iş yеri açılmışdır. Bu il isə şirkət tərəfindən aylıq istehsal gücü 1500 ton olan avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı sahəsinin yaradılması nəzərdə tutulur.
Şərur rayonunun Çərçiboğan kəndində yaradılan istixana kompleksinin sahibkarı Abdulla Adıgözəlov çıxış edərək demişdir: Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyindən bəhrələnərək 2013-cü ildən müasir istixana kompleksinin yaradılması sahəsində fəaliyyətə başlamışıq. İllik istehsal gücü 100 tondan çox olan istixanada müasir texnologiyaların tətbiqi bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir. Bu il istixana kompleksini daha da genişləndirməyi nəzərdə tutmuşuq. Təsərrüfatımızda istixana kompleksi ilə yanaşı 7,5 hektar ərazidə yeni ərik, gavalı, heyva və üzüm bağı salmışıq. Cari ildə 2,5 hektar ərazidə yerli sortlardan ibarət şaftalı bağının salınmasını təmin edərək bağçılıq təsərrüfatımızı 10 hektara çatdıracağıq. Artıq zəhmətimizin bəhrəsini görürük. Ötən il təsərrüfatımızdan 20 ton meyvə, 100 ton tərəvəz məhsulu toplamış və satışını həyata keçirmişik. Əsas məqsədimiz əhalinin tərəvəz məhsullarına olan tələbatını ödəmək və ixrac imkanlarımızı artırmaqdır. Abdulla Adıgözəlov yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının yaranmasının 94-cü ildönümünün tamam olduğunu bildirmiş, bu münasibətlə tədbir iştirakçılarını, bütün muxtar respublika əhalisini təbrik etmiş, sosial-iqtisadi inkişafda əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Müasir dövrdə hər bir ölkənin sosial-iqtisadi inkişafı onun malik olduğu sahibkarlıq subyektlərinin fəaliyyəti, onlar üçün yaradılan şəraitlə ölçülür. Ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki, “Sahibkarların səmərəli işləməsi Azərbaycanın iqtisadi inkişafını təmin edən amildir. Ona görə də biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”.

Ali Məclisin Sədri demişdir: Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarların fəaliyyəti üçün hərtərəfli şərait, əlverişli biznes və investisiya mühiti yaradılıb. Vergi və gömrük güzəştlərinin, dövlət qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi sahibkarlıq fəaliyyətinin inkişafına böyük təkan verib. Muxtar respublikada dövlət-sahibkar münasibətlərinin düzgün qurulmasının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 89 faizə çatıb. Hazırda muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulunun hamısı, sənaye məhsulunun 95 faizi, tikintidə görülmüş işlərin 79 faizi, nəqliyyat xidmətlərinin 78 faizi, rabitə xidmətlərinin 83 faizə qədəri, ticarət və ictimai iaşə xidmətinin 100 faizi özəl sektorun payına düşür. Yaradılan şəraitin nəticəsidir ki, ərzaq təhlükəsizliyi tam təmin edilib, idxalın həcmi əhəmiyyətli dərəcədə azaldılıb, yeni iş yerləri açılıb. Vaxt vardı ki, Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdu. Bu gün 372 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Hazırda muxtar respublikada avtomobil və tikinti materiallarından tutmuş, ərzaq və məişət əşyaları istehsalına qədər çoxsaylı sahibkarlıq müəssisələri fəaliyyət göstərir. Məşğul əhalinin 83 faizi özəl sektorda çalışır.
Qeyd olunmuşdur ki, sahibkarlarımız aqrar sahənin inkişafına da öz töhfələrini verirlər. Torpaq mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, bu sahədə çalışanlara bir sıra güzəştlərin tətbiq olunması, subsidiyaların verilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi öz nəticəsini göstərmiş, məhsul bolluğu yaranmışdır. Bu gün xidmət sahəsində də sahibkarlıq fəaliyyəti mühüm rol oynayır. Xidmət sektorunun inkişafı öz növbəsində turizmin inkişafına təsir göstərmiş, müasir turizm sektorunun formalaşması hesabına isə muxtar respublikaya gələn turistlərin sayı artmışdır.
Şübhəsiz ki, davamlı maliyyə dəstəyi olmadan sahibkarlıq sahələri inkişaf edə bilməz. Muxtar respublikada kreditlər üzrə aşağı faiz dərəcələrinin tətbiq olunması hesabına sahibkarların fəaliyyət dairəsi genişlənmişdir. Sahibkarlığa Kömək Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlərin verilməsi də yeni fəaliyyətə başlayan sahibkarlıq müəssisələri üçün geniş imkanlar açmışdır. Muxtar respublikada idxaldan asılılığın aradan qaldırılması sahəsində görülən tədbirlər öz faydasını verməkdədir. Bu sahədə əhəmiyyətli addımlardan biri də ixracın təşviqi ilə bağlı qəbul olunmuş qərarlardır. Bunun nəticəsidir ki, ixracyönümlü məhsul istehsalı getdikcə artır. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur. İstehsal olunan müxtəlif adda məhsulların ixrac imkanlarının artması səbəbindən artıq 9 ildir ki, muxtar respublikanın xarici ticarətində müsbət saldo qeydə alınır.
Ali Məclisin Sədri diqqətə çatdırmışdır ki, sahibkarlığın inkişafında yerli məhsulların istehsalı qədər onların satışının təşkili də mühüm əhəmiyyətə malikdir. Bu gün muxtar respublikada ən müasir tələblərə cavab verən iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi, mövsüm ərzində yarmarkaların və festivalların təşkili, satış yerlərində yerli məhsullara üstünlük verilməsi məhsul istehsalçılarının marağını artırmışdır. Son dövrlərin təhlilləri göstərir ki, tarladan birbaşa satışa prinsipinin dəstəklənməsi ailə təsərrüfatlarının inkişafına və artmasına əhəmiyyətli təsir göstərmişdir. Bütövlükdə, sahibkarlığın inkişafının dəstəklənməsi muxtar respublikanın iqtisadi potensialını artırmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmışdır.
Ali Məclisin Sədri demişdir: Bu gün əsas məqsəd ondan ibarətdir ki, sahibkarlıq mühiti daha da genişlənsin. Daxili bazarda yerli məhsullar hesabına bolluq yaradılsın. Yeni iş yerləri açılsın, məşğulluq təmin edilsin. Muxtar respublikanın ixrac imkanları artsın. Bunun üçün İqtisadiyyat Nazirliyi bundan sonra da kiçik və orta sahibkarlığın, eləcə də ailə təsərrüfatlarının inkişafına diqqəti artırmalı, birinci növbədə bu sahələrin güzəştli kreditlərlə təminatı diqqətdə saxlanılmalıdır. Qardaş Türkiyə Respublikası məhsul ixracında muxtar respublikaya sərbəst ticarət imkanı vermişdir. Bununla bağlı İqtisadiyyat Nazirliyi Türkiyənin müvafiq idxal qurumları ilə əlaqələr yaradaraq onların muxtar respublikadakı iş adamları ilə görüşlərini təşkil etməli, yerli məhsulların ixracında qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün tədbirlər görməlidir. Daxili bazarın qorunması da diqqətdə saxlanılmalıdır. Dövlət Gömrük Komitəsi sağlam rəqabət mühiti formalaşdırmaq məqsədilə idxal-ixrac əməliyyatlarının müxtəlif tarif metodlarından istifadə əsasında tənzimlənməsini bundan sonra da davam etdirməli, Vergilər Nazirliyi sahibkarlıq subyektlərində əsassız yoxlamalara yol verməməlidir.
Qeyd olunmuşdur ki, yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına ciddi əməl edilməlidir. Sahibkarlar istehsal prosesində ən müasir texnologiyaların tətbiqinə və keyfiyyətli xammaldan istifadəyə xüsusi diqqət yetirməlidirlər. Yerli icra hakimiyyəti orqanları ailə təsərrüfatlarına dəstək olmalı, ailə təsərrüfatları isə istehsal etdikləri məhsulların növ və çeşidini artırmalı, məhsulların keyfiyyətinə və standartlara uyğun qablaşdırılmasına diqqət yetirməlidirlər.
Ali Məclisin Sədri muxtar respublikanın inkişafında sahibkarların əməyinin, çəkdikləri zəhmətin təqdirəlayiq olduğunu bildirmiş, buna görə sahibkarlara bir daha təşəkkür etmiş, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Sahibkarların uğurlu işi bizim hamımızın uğurudur. Azərbaycanın inkişafı bu istiqamətdədir, bu yoldadır”.
Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 11 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Bu kreditlər plastik boru, profil və aksesuarları, heyvandarlıq məhsulları, arıçılıq məhsulları istehsalı və meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi sahələrinin yaradılmasına, eləcə də istixana təsərrüfatının fəaliyyətinin genişləndirilməsinə sərf olunacaqdır.
Tədbirdə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş olunmuşdur.
Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxmışdır.
Qeyd olunmuşdur ki, sərgi salonunda 94 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 37 ailə təsərrüfatında istehsal olunan 17 növdə 112 çeşiddə məhsul, 30 sənətkar tərəfindən hazırlanan 254 əl işi, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Muxtar respublikada istehsal olunan məhsulların çeşidinin və keyfiyyətinin artması onların xarici bazarlara çıxış imkanlarını xeyli genişləndirir. Bildirilmişdir ki, Naxçıvan Avtomobil Zavodunda 14 modeldə avtomobil istehsal olunur. Hazırda zavodun Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında ehtiyat hissələrinin satışı mağazaları fəaliyyət göstərir. Bu il isə Şərur və Culfa rayonlarında texniki xidmət sahələri yaradılacaqdır.
Ali Məclisin Sədri yerli məhsulların istehsal prosesinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, Naxçıvan məhsullarının xarici bazarlara çıxışı imkanlarının və ixrac potensialının artırılması, məhsulların qablaşdırılmasına və tara istehsalı sahələrinin yaradılmasına diqqət yetirilməsi, sahibkarlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, Naxçıvan Avtomobil Zavodunun istehsalı olan “NAZ-Lifan-5028” modelinin əsasında təcili tibbi yardım avtomobillərinin yığılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR