05 Yanvar 2025, Bazar

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din siyasəti ölkəmizdə uğurla həyata keçirilir, dini-mənəvi dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada da həyata keçirilən tədbirlər islami dəyərlərə, onun yüksək məziyyətlərinə göstərilən diqqətin məntiqi nəticəsidir.

Mayın 31-də Culfa rayonunun Əbrəqunus kəndində yeni məscid binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış mərasimində iştirak etmişlər.
Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə demişdir ki, bu gün ölkəmizdə mənəvi dəyərlərimizə hörmət, milli və dini irsimizin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Həyata keçirilən bu işlər ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün dövlət başçısı tərəfindən Azərbaycanda əsl tolerantlıq mühiti ya­radılmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinə, dini irsimizə hərtərəfli ehtiram göstərilir, ibadət yerlərinin inşası, təmiri və yenidən qurulması sahəsində mühüm işlər həyata keçirilir. Hazırda ölkəmizdə 1800 məscid vardır ki, bunların 200-ə yaxını son 10 ildə istifadəyə verilmişdir.
Qeyd olunmuşdur ki, ölkəmizdə dini dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasını da əhatə etmişdir. Bu gün muxtar respublikada islami dəyərlərin yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. 2018-ci ildə Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi və İslam Mədəniyyətləri Forumunun burada keçirilməsinin nəzərdə tutulması da bu istiqamətdə görülən işlərin nəticəsidir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə muxtar respublikada dini-mənəvi dəyərlərin yaşadılmasına göstərdiyi diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni məscidin istifadəyə verilməsini muxtar respublikamızın ictimai və mənəvi həyatında mühüm hadisə kimi dəyərləndirmiş, ümummilli liderimiz Heydər Əliyevin “Məscidlər islam aləmində islamı təmsil edən müqəddəs yerlərdir” fikrini xatırladaraq demişdir: “Naxçıvan müqəddəs torpaqdır. Burada çoxsaylı dini-tarixi abidələr, ziyarətgahlar vardır. Son illər muxtar respublikamızdakı dini abidələrin bərpasına, yenidən qurulmasına hərtərəfli diqqət yetirilir. Bu işdə muxtar respublika sakinləri də yaxından iştirak edir. Artıq muxtar respublikada 207 məscid vardır. Bu məscidlərin 170-ə yaxını son 17 ildə tikilərək və ya bərpa olunaraq dindarların istifadəsinə verilmişdir”.
Ali Məclisin Sədri demişdir: “Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizə hərtərəfli qayğı göstərilir, dini dəyərlərimizin qorunub-yaşadılması diqqət mərkəzində saxlanılır. Ölkə­mizdə yeni məscid binaları tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Bu il may ayının 17-də Şamaxı Cümə məscidinin əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Regionun ən böyük ziyarətgahlarından olan Şamaxı Cümə məscidi tarixi abidə kimi də mühüm əhəmiyyətə malikdir. Bu da ölkəmizdə dini-mədəni dəyərlərə göstərilən həssas münasibətin daha bir ifadəsidir”.
“Milli dəyərlər bir ölkənin xalqına aiddir­sə, mənəvi dəyərlər ölkələr və xalqlara məxsusdur”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, insanların mənəvi dünyasının zənginləşdirilməsində İslam dininin mühüm rolu vardır. Hazırda müxtəlif ölkələrdə yaşayan bir milyarddan artıq insan islami dəyərlərin ətrafında birləşmişdir. İslam dininin əsas müqəddəs yeri olan məscidlər isə bütün müsəlmanların ibadət yeri, onların mənəvi vəhdət məkanıdır. Bu müqəddəs yerlərdə insanlar mənəvi saflıq uğrunda birləşirlər. Əbrəqunus kənd məscidindən istifadə edən insanlar da öz mənəvi aləmlərini zənginləşdirməli, ölkəmiz və xalqımız üçün mənəvi cəhətdən sağlam insanlar yetişdirilməlidir.
Ali Məclisin Sədri yeni məscidin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini və dindarları təbrik etmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yeni tikilən məscid binasına baxmış, burada yaradılan şəraitlə tanış olmuşlar.
Məlumat verilmişdir ki, sahəsi 306 kvadratmetr olan 1 minarəli məscid salon, axund otağı və kitabxanadan ibarətdir. Milli memarlıq üslubunda qurulan salonda eyni vaxtda 300-ə yaxın insan ibadət edə bilər. Binada müasir işıqlandırma sistemi quraşdırılmış, qadınlar üçün ayrıca ibadət yeri ayrılmış, mehrab qurulmuşdur. İki girişi olan məscid binasının günbəzi naxış və ornamentlərlə bəzədilmişdir.
Kənd sakinləri və dindarlarla görüşən Ali Məclisin Sədri Əbrəqunus kəndində son illər böyük quruculuq işlərinin həyata keçirildiyini qeyd etmiş, bundan sonra da abadlıq-quruculuq işlərinin davam etdiriləcəyini, yeni sosial obyektlərin tikilib sakinlərin istifadəsinə veriləcəyini bildirmişdir.
Kənd ağsaqqalları və dindarlar muxtar respublikamızda dini-mənəvi dəyərlərin qorunub-yaşadılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, yeni məscid binasının istifadəyə verilməsinin kənd sakinləri tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd etmişlər.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Məscidin həyətində də abadlıq işləri aparılmış, yeni içməli su və qaz xətti çəkilmiş, ağac və gül kolları əkilmiş, dəstəmaz yeri yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR