Bu gün muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan quruculuq işləri sakinlərin rahat yaşayışına hesablanıb. Yaşayış məntəqələrində, xüsusilə kəndlərdə yaradılan müasir infrastruktur Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Tikinti-quruculuq işləri əhalinin məskunlaşmasına öz töhfəsini verir, insanlar doğma yurd yerlərinə daha sıx bağlanırlar.
Dizə kənd avtomobil yolu yenidən qurulmuşdur
Yanvarın 15-də Culfa rayonundakı Dizə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, uzun müddət istismar olunduğu üçün yolda yenidənqurma işlərinin aparılmasına ehtiyac yaranmışdır. Kənddə kompleks tikinti işləri aparılarkən 8,9 kilometrlik yol da yenidən qurulmuşdur. Yenidənqurma işləri zamanı bütün mühəndis texniki tələblərə əməl edilmiş, yol yatağı genişləndirilərək asfalt örtük salınmış, 49 su keçidi qoyulmuş, 135 metrlik beton kanal çəkilmişdir. Avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 5,8 kilometrlik yol hamarlanmış və qum-çınqıl qatı verilmişdir.
2018-ci ildə ilk məktəb binası Dizə kəndində
istifadəyə verildi
Muxtar Respublikanın inkişafının əsasında təhsil quruculuğu dayanır. Ötən il muxtar respublikada 10 məktəb binası istifadəyə verilmişdir. Bu il də məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir.
Yanvarın 15-də Dizə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını etmiş, yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, 3 mərtəbəli yeni məktəb binasında müasir tədrisin tələblərinə uyğun şərait yaradılmış, elektron lövhələr, kompüterlər və digər müasir tədris avadanlıqları quraşdırılmışdır. 234 yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kitabxana, kompüter sinfi, müəllimlər otağı, hərbi kabinə, idman zalı və bufet vardır.
Ali Məclisin Sədri birinci sinifdə və məktəbəqədər hazırlıq qrupunda tədrisin təşkili ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu il birinci sinfdə 14 şagird təhsil alır. Məktəbəqədər hazırlıq qrupuna isə 12 uşaq qəbul olunub.
Hərbi kabinəyə baxış zamanı qeyd olundu ki, məktəbdə şagirdlərin hərb sənətinə marağının artırılması diqqətdə saxlanılır. Ötən il bir şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Bu il isə məktəbdən 5 şagird liseyə sənəd verəcəkdir.
Elektron lövhəli sinifdə ümumtəhsil məktəbləri ilə Naxçıvan Dövlət Tarix Muzeyi arasında keçirilən distant dərs izlənilmişdir.
Kitabxana fondunda 1573-ü dərslik və 1585-i bədii ədəbiyyat olmaqla 3158 kitab vardır. Burada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Kompüter sinfində 19 lisenziyalı və müvafiq proqram təminatı olan kompüter quraşdırılmış, kompüterlərin internetə çıxışı təmin edilmişdir. Kimya, biologiya və fizika laboratoriyalarında müasir təcrübə avadanlıqları qoyulmuşdur.
Ali Məclisin Sədri ötən il gənc naxçıvanlı şahmatçının FİDE ustası adına layiq görüldüyünü bildirmiş, şagirdlərin şahmata maraqlarının artırılmasının vacibliyini qeyd etmiş, kimya və biologiya müəllimlərinin təkmilləşdirmə kurslarında iştirakı, dərslərin qavrama yolu ilə öyrədilməsi və elektron dərsliklərdən istifadə ilə bağlı tapşırıqlar vermişdir.
Daha sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşmüş, Dizə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə onları təbrik edərək demişdir: Yeni ildə ilk məktəb binası Dizə kəndində istifadəyə verilir. Hansı ölkədə təhsil inkişaf edirsə, həmin ölkənin bütün sahələrində inkişaf təmin olunur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir". Həqiqətən də bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik. Təhsilin əsası da orta məktəblərdə qoyulur. Ona görə də Dizə kənd tam orta məktəbində şagirdlərin təhsilinə ciddi diqqət yetirilməli, onlar bacarıq və həvəslərinə uyğun ixtisaslara, müxtəlif peşə sahələrinə yönləndirilməlidirlər. Məktəbdə bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.
Ali Məclisin Sədri demişdir: Dizə kənd tam orta məktəbinin yaxşı təhsil ənənələri vardır. Ötən tədris ilində qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, kollektiv məktəbin təhsil ənənələrini davam etdirir. Məktəbin məzunları yüksək bal toplayaraq ali məktəblərə qəbul olunublar. Bütün bunlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, məktəbin bir müəllimi "Ən yaxşı müəllim" mükafatına layiq görülmüş, kənd məktəbi üçün müasir bina tikilmişdir. Kollektiv yaradılan şəraitdən istifadə edərək nailiyyətlərini daha da artırmalıdır.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür etmiş, onlara tədrisdə uğurlar arzulamışdır.
Müəllim Firuzə Əliyeva minnətdarlıq edərək deyib: Muxtar respublikanın bütün yaşayış məntəqələrində, eləcə də kəndlərdə geniş quruculuq işləri aparılır. Təhsil quruculuğu həyata keçirilən tədbirlərin əsasını təşkil edir, hər il yeni məktəb binaları istifadəyə verilir. Bu gün açılışı olan Dizə kənd tam orta məktəbi də muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir. Yaradılan müasir tədris şəraiti müəllim kollektivinin qarşısında mühüm vəzifələr qoyur, məsuliyyətimizi artırır. Əmin edirik ki, bundan sonra daha səylə çalışacaq, ölkəmiz üçün Vətənpərvər və yüksək biliyə malik gənclər yetişdirəcəyik.
Dizədə kənd mərkəzi istifadəyə verildi
Yanvarın 15-də Dizə Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmişdir.
Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, klub, statistika otağı və 42 yerlik iclas zalı vardır.
Kənd kitabxanasında 6877 kitab vardır. Qeyd olunmuşdur ki, sakinlərin kitab mütaliəsinə marağı böyükdür. Hazırda kitabxananın 151 oxucusu vardır. Yaradılan müasir şərait, xüsusilə kitab fondunun yeni ədəbiyyatlarla zənginləşdirilməsi oxucular tərəfindən rəğbətlə qarşılanır.
Ali Məclisin Sədri Dizə kəndində ədəbiyyata böyük maraq göstərildiyini bildirmiş, bu kəndin yetirməsi gənc şairə Gülsadə İbrahimlinin hələ orta məktəbdə oxuyarkən dövlət qayğısı ilə iki kitabının çap olunduğunu xatırlatmış, kitabxana işinin təşkili ilə bağlı tövsiyələr vermişdir.
Baytarlıq məntəqəsinə baxış zamanı qeyd olundu ki, kənddə heyvandarlıq və arıçılıq inkişaf etdirilir. Heyvanların baş sayının artırılmasında süni mayalanma işinə xüsusi diqqət yetirilir.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Ədalət Əhmədov demişdir ki, hazırda ərazi ilk təşkilatının 152 üzvü vardır. Onlardan 65-i qadın, 48-i isə gəncdir. Kənddə görülən kompleks quruculuq işləri sakinlər tərəfindən razılıqla qarşılanır. Sabitlik, inkişaf və tərəqqi insanların sabaha olan inamını artırır, partiyamızın sıraları genişlənir. Çünki hər kəs yaxşı bilir ki, görülən bu işləri Yeni Azərbaycan Partiyası həyata keçirir. Partiya üzvləri bundan sonra da kəndin inkişafında, bugünkü abadlığın və müasirliyin qorunub saxlanmasında yaxından iştirak edəcəklər.
Rabitə evində poçt bölməsi və 384 yerlik ATS quraşdırılıb. Kənddə sürətli internetə çıxış imkanı yaradılıb, dayanıqlı rabitə xidməti təmin olunub. Hazırda kənddə 192 telefon və 48 internet istifadəçisi vardır.
Kənddə səhiyyə xidməti hərtərəfli təşkil olunmuşdur. Feldşer-mama məntəqəsi 4 otaqdan ibarətdir. Burada ilkin tibbi xidmətin göstərilməsi üçün lazımi avadanlıqlar, ilkin tibbi yardım və peyvənd çantası qoyulmuşdur. Bildirilmişdir ki, kənddə hamilə qadınlara patronaj xidməti və peyvənd işi diqqətdə saxlanılır, səhiyyə maarifinə xüsusi əhəmiyyət verilir.
Xidmət Mərkəzində 5 sakin daimi işlə təmin olunub
Həmin gün Dizə kəndində xidmət mərkəzi də istifadəyə verildi.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsdi, mərkəzin fəaliyyəti ilə maraqlandı.
Bildirildi ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları, 2 anbar fəaliyyət göstərir. Mərkəzdə 5 nəfər işlə təmin olunub. Mağazada kənddə fəaliyyət göstərən ailə təsərrüfatlarının istehsal etdikləri məsulların satışına daha çox üstünlük verilir.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş oldu. Ali Məclisin Sədri Dizə kəndinin abad yaşayış məntəqələrinin sırasına qoşulması münasibətilə kənd sakinlərini təbrik edərək demişdir: 2018-ci ildə muxtar respublikanın ilk abadlaşan yaşayış məntəqəsi Dizə kəndi oldu. Aparılan quruculuq işləri Dizə kəndini müasir yaşayış məntəqəsinə çevirmişdir. Kənddə sakinlərin rahat yaşayışı tam təmin olunub. Dizə kəndinin məhsuldar torpaqları, zəhmətkeş insanları və yaxşı təsərrüfat ənənələri vardır. Həyata keçirilən tədbirlər bundan sonra da kəndin inkişafına töhfə verəcəkdir. Sakinlər yaradılan bu şəraitdən istifadə edərək təsərrüfatlarını daha da genişləndirməli, torpaqlardan səmərəli istifadə olunmalı, bol məhsul istehsal edilməlidir.
Kənd sakini Abbas Tağıyev sakinlər adından minnətdarlıq edərək demişdir: Dizə kəndinin müasir yaşayış məntəqəsinə çevrilməsi ölkəmizin inkişafının, dövlət başçısı tərəfindən həyata keçirilən quruculuq xəttinin bəhrəsidir. Kəndimizdə kompleks quruculuq işləri aparılıb. Yol mədəniyyətdir: bu gün kəndimizin müasir yolu vardır. Torpaq kəndlinin iş yeridir: bu gün kəndimizdə hər bir ailənin pay torpağı vardır. Eyni zamanda müasir məktəb binası övladlarımızın daha yaxşı təhsil almasına imkan verəcəkdir. Kənd və xidmət mərkəzləri isə sakinlərə göstərilən xidmətin səviyyəsini xeyli yaxşılaşdıracaqdır. Bundan başqa kənddə hər bir evə içməli su xətti çəkilib. Elektrik enerjisi və təbii qaz fasiləsiz verilir, əhaliyə müasir rabitə xidməti göstərilir. Bu şəraitin qarşısında sakinlərin üzərinə bir vəzifə düşür: o da daha çox işləyərək ölkəmizin inkişafında pay sahibi olmaqdan ibarətdir. Mən 6 il bundan əvvəl Ali Məclis Sədrinin qayğısı ilə taxılçılığın inkişafı üçün dövlətdən kredit götürüb 4 hektarda buğda əkdim. O zaman söz vermişdim ki, təsərrüfatımı genişləndirəcəm. Hazırda 84 hektar sahədə taxıl əkirəm. Kartofçuluqla da məşğul oluram. Xüsusilə dəmyə taxıl əkini sahələrini genişləndirirəm. Dövlət tərəfindən subsidiyaların verilməsi, texnika və gübrə təminatı həm təsərrüfatımı genişləndirməyə, həm də bol qazanc götürməyimə imkan verir. Bütün bunlar dövlətimizin yaratdığı şəraitin nəticəsidir. Xoşbəxtik ki, bizdən sonra gələn nəsil də güclü və qüdrətli dövlətin vətəndaşları olacaqlar.
Ali Məclisin Sədri nümunəvi təsərrüfat yaratdığına görə Abbas Tağıyevə təşəkkür etmişdir.
* * *
Kənddə quruculuq işləri aparılarkən 380 metr fiberoptik kabel xətti çəkilmiş, 5000 metr rabitə xətti təmir edilmişdir. Həmçinin 1700 metr yüksəkgərginlikli və 210 metr yeraltı elektrik xətti çəkilmiş, 5503 metr elektrik xətti yenilənmişdir. Yeni tikililərə 190 metrlik qaz xətti çəkilmiş, 4408 metrlik qaz xəttində təmir-bərpa işləri aparılmışdır. Əhalinin içməli su təminatı da yaxşılaşdırılmış, 320 metr yeni içməli su xətti çəkilmiş, 1340 metr içməli su xətti təmir olunmuşdur. Həyətyanı sahələri sel sularının zərərli təsirindən qorumaq üçün 600 metr istiqamətləndirici bənd tikilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti