Bu gün Naxçıvan Muxtar Respublikası davamlı inkişaf dövrünü yaşayır. Bütün yaşayış məntəqələri müasir görkəmə qovuşub. Naxçıvan şəhərində də geniş quruculuq işləri aparılır, yeni yaşayış binaları inşa olunur. Əhalinin rifahının yaxşılaşması insanların rahat və müasir mənzillərə olan tələbatını daha da artırır. Bu səbəbdən də Naxçıvan şəhərində müasir memarlıq quruluşuna malik ictimai yaşayış binalarının tikintisinə xüsusi diqqət yetirilir.
Yanvarın 14-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yeni yaşayış binasının təməlatması olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaşayış binasının layihəsinə və əraziyə baxmışdır.
Məlumat verilmişdir ki, 44 mənzilli 6 mərtəbəli yeni yaşayış binası milli və müasir memarlıq üslubunda inşa olunacaqdır. Binada ikiotaqlı, üçotaqlı, dördotaqlı, yeddiotaqlı və doqquzotaqlı mənzillər yerləşəcəkdir. Mənzillərin sahəsi ikiotaqlılarda 90, üçotaqlılarda 110 və 150, dördotaqlılarda 153, 165 və 175, yeddi otaqlılarda 325 və 360, doqquzotaqlıda isə 420 kvadratmetr olacaqdır. Yaşayış binasında lift quraşdırılacaq, zirzəmidə 29 yerlik avtomobil dayanacağı yaradılacaqdır. 4 girişi olan binanın birinci mərtəbəsində 12 mağaza istifadəyə veriləcəkdir.
Ali Məclisin Sədri beton qarışığını bünövrəyə tökərək binanın təməlini qoymuşdur.
Ali Məclisin Sədri tikinti işlərinin müasir mühəndis texniki tələblərə uyğun aparılması və keyfiyyət amilinə ciddi diqqət yetirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti