Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 30 dekabr tarixli 16-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki, “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.
2. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsünlər və aidiyyəti üzrə məlumat versinlər.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 30 dekabr 2017-ci il