Birlik və həmrəylik ordunun gücünü təşkil edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birləşmə və hissələrində xidmətin təşkilində “bir nəfər hamı, hamı bir nəfər üçün” prinsipi əsas götürülür. Bu isə şəxsi heyətin mənəvi-psixoloji hazırlığını daha da artırır. Bayram günlərində hərbi hissələrə sovqatların aparılması, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi isə xalq-ordu birliyinin daha bir ifadəsidir.
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Qarnizonunun Hərbi Hospitalına gəlmiş, burada müalicə olunan əsgərlərlə görüşmüşdür.
Məlumat verilmişdir ki, hərbi hissələrdə şəxsi heyətin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir. Xüsusilə çətin dağlıq şəraitdə yerləşən birləşmə və bölmələrdə yaradılan
şərait, iqlim şəraitinə uyğun rejim qaydalarının və qidalanmanın tətbiqi əsgərlər arasında xəstəliklərin azalmasına səbəb olmuşdur. Hərbi hospitalda hərbi qulluqçuların müayinə və müalicəsi üçün lazımi şərait yaradılmışdır. Dərman vasitələri ilə təminat və müasir avadanlıqların qurulması, eləcə də ixtisaslı həkimlərin olması tibbi xidmətin hərtərəfli təşkilinə imkan verir.
Ali Məclisin Sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan əsgərlərin səhhəti və qidalanması ilə maraqlanmış, onların və kollektivin bayramını təbrik etmişdir.
Həkim Fariz İbrahimov hərbi hospitalda müalicə olunan xəstələr və kollektiv adından minnətdarlıq etmişdir.
Hospitalda müalicə alan əsgərlərə və tibb heyətinə bayram hədiyyələri paylanmış, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti