Xəbər verdiyimiz kimi, dekabrın 26-da Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu il ərzində MDB məkanında inteqrasiya prosesləri üçün xeyli iş görülüb. Əmtəə dövriyyəsinin artması da bizim iqtisadiyyatlarımızın təkcə bərpasının, iqtisadi vəziyyətin sabitləşməsinin deyil, həm də dost ticari-iqtisadi əlaqələrin gələcəkdə möhkəmləndirilməsinin zəruriliyinin göstəricisidir.
Dövlətimizin başçısı vurğulayıb ki, biznes həmişə baş verən proseslərə çox dəqiq reaksiya verir və qarşılıqlı investisiyalar, əmtəə dövriyyəsinin artması ölkələr arasında münasibətlərdən heç də az dərəcədə asılı deyil. MDB məkanında müşahidə etdiyimiz müsbət meyillər, şübhəsiz, ticari-iqtisadi sahədə müşahidə etdiyimiz fəallığa təkan verib.
Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC