Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd edib, Rusiyaya Azərbaycan ixracatının artmasından məmnunluğunu bildirib.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb, ölkələrimizin ticarət əlaqələrində dinamik artımın olduğu qeyd edilib, qarşılıqlı investisiya, turizm, tranzit daşımaları sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
* * *
Prezident İlham Əliyev dekabrın 25-də Xalq artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edib.
AZƏRTAC