Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Bakıda keçirilən “2017– İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransa toxunaraq bu tədbirin müxtəlif dinlərin və xalqların bir-birinə daha da yaxınlaşması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini deyib. Dövlətimizin başçısı Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından dini rəhbərlərin böyük heyətlə bu konfransda iştirakından məmnunluğunu ifadə edib.
Qonaqlar adından danışan Qaraçay-Çərkəz Respublikasının müftisi İsmail Berdiyev “2017–İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın xalqlar arasında dostluğun möhkəmlənməsi işinə töhfə verdiyini məmnunluq hissi ilə qeyd edib.
* * *
Prezident İlham Əliyev dekabrın 22-də Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzeni qəbul edib.
AZƏRTAC